AZ

Malik Həsənov və Alfonso Dominqes Avropa üçüncüsü oldular

Azərbaycanın iki boksçusu – Alfonso Dominqeslə Malik Həsənov Serbiyada keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub.

Arena.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunmuş və aprelin 18-də start götürmüş Avropa çempionatında bu gün yarımfinal görüşləri keçirilib.

Qitə birinciliyinə 18 boksçu ilə yollanmış milli komandamızın yalnız iki üzvü finala vəsiqə uğrunda mübarizə aparıb.

63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb. Bu görüşdə rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Xatırladaq ki, Həsənov bu Avropa çempionatına 1/16 final mərhələsindən start verib. Startda Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşan Azərbaycan boksçusu bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələn Malik, U-22-lər arasında son Avropa çempionu olan rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşüb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

92 kq çəkidə çıxış edən Alfonso Dominqes isə yarımfinalda erməni rəqibi Narek Manasyana uduzaraq mübarizəni dayandırıb. Nəticədə Alfonso da bürünc medalla kifayətlənib.

Alfonso Dominqes bu AÇ-də mübarizəyə 1/8 finaldan başlamışdı. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayıb və 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Beləliklə, milli komandamızın heyətində heç kim finala yüksələ bilməyib və yığmamız bu Avropa çempionatını 2 bürünc medalla başa vurub. Digər 16 boksçumuzun əksəri ya ilk, ya da ikinci döyüşlərində məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla