AZ

Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərən görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir. 

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci ilin bu günü, yəni aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində anadan olub. Sonralar ailəsi Gəncə şəhərinə köçüb, ibtidai təhsilini burada alıb, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirib.

1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxuyub, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilib. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışıb.

1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirib, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülüb.

1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik edib. Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi alıb.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.

Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Yazıçı "Sağlam yollarda", "Dirilən adam", "Bostan oğrusu", "Axundun iştəhası", "Gözün aydın", "Füzulinin poetik xüsusiyyətləri", "Bir gəncin manifesti", "Xalqın ürək sözü" , "Vətən" , "Yeni kəndin adamları" və s. əsərlərin müəllifidir."Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" (1944) medalları, "1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1948), "Qırmızı əmək bayrağı" (1967), "Oktyabr inqilabı" (1978) və iki dəfə "Şərəf nişanı" (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunub.

1978-ci il sentyabrın 28-də vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn olunub. Bakı küçələrindən birinə onun adı verilib.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla