AZ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Alman

Ankara, 26 aprel, AZƏRTAC

Kosmosda çəkilmiş fotomaterialların hazırlanması kənd təsərrüfatında monitorinq, təhlil və inkişaf üzrə praktiki qərarların qəbul olunmasına, habelə ekologiya sahəsində problemlərin aradan qaldırılmasına sanballı töhfə verir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Almaniyanın “Planet Labs” kompaniyası ofisinin aparıcı mühəndisi Rene Qrisbax Ankarada keçirilən Mərkəzi Avrasiya regionunda kosmik texnologiyaların tətbiqinə dair beynəlxalq konfrans çərçivəsində bildirib.

Qrisbax qlobal proseslərin, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində obyektiv mənzərənin formalaşdırılması üçün kosmik məlumatların artan əhəmiyyətinə diqqət çəkib. O, nümunə qismində Aral dənizindəki vəziyyəti göstərib. Mühəndis bildirib: “İstənilən problemi həll etmək üçün, ilk növbədə, regionun əvvəlki vəziyyəti haqqında təsəvvürə malik olmalı və bununla da dəyişikliklərin səbəblərini təhlil etməlisiniz. Şirkətimizin məlumat bazasında 2010-cu ildən bəri Aral dənizinin peyk şəkilləri var. Bu məlumatın işlənməsi müəyyən bir ildə hansı dəyişikliklərin baş verdiyini anlamağa və bununla da onların səbəblərini müəyyən etməyə kömək etdi”.

Onun sözlərinə görə, “Planet Labs” kompaniyasının 120 kiçik ölçülü Yer zondlayan peykdən ibarət şəbəkəsi 2017-ci ilin oktyabrından bəri gündəlik olaraq bütün planetin tədqiqini aparır.

Qrisbax vurğulayıb: “Kənd təsərrüfatı iqlim dəyişikliyinin təsirlərinə ən həssas sahə olduğu üçün bütün peyk şəkillərinin təxminən 50 faizi aqrar sektor ilə bağlı məlumatlar üçün işlənilir”.

Alman mütəxəssis müasir dövrün çağırışları ilə bağlı özəl peyk şirkətlərinin potensialından istifadənin əhəmiyyətini də qeyd edib.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla