AZ

“Bəzi hamilə qadınlar üçün təbii doğuş “çuşka”lıqdır” - Ginekoloq

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 46684 qadın qeysəriyyə yolu ilə uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53267-ə qalxıb. Başqa sözlə desək, həmin il Azərbaycanda 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. Son illər qeysəriyyə əməliyyatı ilə uşaqların dünyaya gəlməsində artımın olmasının əsas səbəbi kimi, həkimlərin cərrahi əməliyyata üstünlük verməsi göstərilir.


TƏBİB isə bildirib ki, həkimlərin məqsədli şəkildə qeysəriyyə əməliyyatına üstünlük verməsi yanlış fikirdir: "Hər bir qeysəriyyə əməliyyatı mütləq əsaslandırılır. Protokola əsasən, göstərişlər 5 qrupa bölünür: birinci qrupda anamnezində hər hansı bir səbəbdən icra olunmuş əməliyyat nəticəsində uşaqlıq üzərində çapığı olan hamilələr; ikinci qrupda təbii doğum yolları ilə doğuşa mane ola biləcək səbəbləri olan hamilələr (dölün köndələn vəziyyəti, dölün çəkisinin 4500 qramdan artıq olması, doğum yolların inkişaf qüsurları və s); üçüncü qrupda dölün çanaq gəlişləri olan ilk hamilələr; dördüncü qrup döl tərəfdən göstərişlər (dölün bətndaxili inkişaf ləngiməsi, rezus-izoimmunizasiya nəticəsində döldə ağır dərəcəli immunizasiyası olan hamilələr); beşinci qrupda uzunmüddətli sonsuzluqdan sonra və ya süni mayalanmadan sonra baş tutmuş hamiləliklər, insan immunçatışmazlığı viruslu infeksiyası olan hamilə, anada budun anadangəlmə çıxığı və s. kimi xəstəlikləri olan hamilələr daxildir".


O da qeyd edilib ki, qeysəriyyə əməliyyatlarının klinik protokola uyğunluğu mütəmadi yoxlanılır. Araşdırma zamanı uyğunsuzuluq halları aşkarlanmayıb.
Qeysəriyyə əməliyyatlarının fəsadlarına gəlincə, TƏBİB-dən bildirilib ki, qeysəriyyə kəsiyi əməliyyatlarının fəsadlarına uşaqlıqdakı tikişlərin yararsızlığı, uşaqlığın atonik qanaxması, endometrit, sepsis, sidikaxarı yollarının infeksiyası, bağırsaq keçməzliyi, sidik-cinsiyyət və digər fistulalar, tromboemboliya, reproduktiv funksiyanın pozulması və s. aiddir.


Bilirik ki, uşaq sahibi olmaq valideynlər üçün çox həyəcanlı bir dönəmdir. Bu dövrdə bir çox hamilə qadını düşündürən həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir edəcək əsas sual isə “Körpənin hansı üsulla, qeysəriyyə və ya təbii doğuş üsulu ilə dünyaya gətirilməsinin xeyirli olmasıdir”. Hər iki doğuş üsulu ümumilikdə təhlükəsiz olsa da, onların risk daşıyıb-daşımaması anadan-anaya dəyişir.


Doğrudan da, təbii doğuşla dünyaya gələn uşaqlar cərrahi əməliyyatla dünyaya gələnlərdən dahamı sağlam olur?


“Sherg.az" bu və digər suallarına aydınlıq gətirən cərrah, mama-ginekoloq Təranə Həsənova deyib ki, təbii doğuşun, həm də qeysəriyyə əməliyyatının öz riskləri və faydaları var.


Uzunmüddətli doğuş, doğuş ağırlaşmaları ana və ya körpənin zədələnməsi kimi riskləri təbii doğuş zamanı yaranan bəzi fəsadlara səbəb ola bilər. Digər tərəfdən, qeysəriyyə əməliyyatı infeksiya, qanaxma və qan laxtalanması kimi risklər daşıyan böyük bir əməliyyatdır, lakin müəyyən hallarda ana və ya körpənin sağlamlığını qorumaq üçün bu üsulla doğuş əvəzedilməz hesab olunur. Unutmayaq ki, hər hamiləlik unikaldır, ən yaxşı doğuş üsulu hamiləliyin xüsusi şərtləri, ana və körpənin sağlamlığı nəzərə alınmaqla müəyyənləşdirilməlidir:


- Uşağın sağlamlığı baxımından təbii, yoxsa qeysəriyyə yolu ilə dünyaya gəlməsinin heç bir fərqi yoxdur. Hətta deyərdim ki, bəzi hallarda qeysəriyyə uşaq üçün daha təhlükəsiz üsuldur. Təbii ki, söhbət sağlam hamiləlik keçirən qadınların dünyaya gətirdiyi körpələrdən gedir. Qeysəriyyə əməliyyatının hələ bu qədər yayılmadığı vaxtlarda uşaqlarda doğum travmaları tez-tez rast gəlinən bir hal idi. Bu da ki sonrakı dönəmlərdə uşaqların sağlamlığı üçün müəyyən problemlər yaradırdı. Əvvəllər istifadə olunan “doğuş maşa”ları uşaqlara çox ciddi travmalar verirdi. Çox şükür ki, artıq bu cür problemlər, yəni travmalı doğulan uşaqların sayı azalıb, hətta sıfır faizə düşüb. Bunda da qeysəriyyə əməliyyatlarının artmasının rolu var. Təkcə uşaq yox, doğuş travması alan qadınların da sayı sıfıra düşüb.

- Ötən il qeydə alınan 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. Bu artıma səbəb nədir? Tibbi göstəriş, yoxsa “can rahatlığı”...

- Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər reallığı əks etdirir. Doğrudan da, ildən-ilə qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn uşaqların sayında ciddi artım müşahidə olunur. Üstəlik, bu tendensiya tək Azərbaycanda yox, bütün dünyada gedir. Faktiki olaraq hamilə qadınlar da, bəzi hallarda həkimlər də təbii doğuşdan daha çox kesr kəsiyinə üstünlük verirlər. Əgər bu artım bütün dünyada gedirsə, demək ki, problem Azərbaycan həkimləri ilə bağlı deyil.
Əvvəla onu deyim ki, qeysəriyyə əməliyyatının ildən-ilə artmasının ən əsas səbəbi hamilə qadınların bu üsulu “lyuks” kimi görməsidir. Bunu sizə hansısa məqaləyə, yaxud da qulaqdan eşitmə bir xəbərə istinadən demirəm. Bir həkim olaraq, tam əminliklə deyirəm ki, bəzi hamilə qadınlar və onların ailəsi üçün təbii doğuş “çuşka”lıqdır. Mənim də qəbuluma gələn pasiyentlərin əksəriyyəti övladını kesr kəsiyi ilə dünyaya gətirmək istədiyini deyir. Ondan səbəbini soruşuram ki, axı sənin hamiləliyin tam normaldır və təbii doğuş üçün heç bir göstəriş yoxdur. Hətta birinci övladını təbii yolla dünyaya gətirən hamilələr də ikinci dəfə qeysəriyyə üsulunu tələb edir. Səbəbini soruşanda isə çox qərarlı şəkildə “hamı kesr əməliyyatı ilə doğur, mən niyə təbii doğuşa girməliyəm?”. 2 dəfə normal doğuş edən hamilə tanıdığım var, daş atıb başını tutur ki, mən 3-cü dəfə doğuş stoluna uzanmaram. Bu uşaq ancaq əməliyyatla doğulacaq. Hətta bu azmış kimi sifariş də verirlər ki, mənim əməliyyatımı ən prestijli özəl klinikada edin. Halbuki maddi durumlarına baxırsan ki, həmin klinikada əməliyyat olunacaq qədər imkanlı deyillər. Di gəl ki, hamilə qadın israr edir ki, borc-xərc də olsa, mənim uşağım məhz filan klinikada, həm də qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməlidir. Yəni sırf göstəriş üçün övladını cərrahi yolla dünyaya gətirmək istəyən analar var. Bu amili inkar edə, görməzdən gələ bilmərik.

- Həkimlərin də cərrahi əməliyyata üstünlük verməsi doğrudur?

- Əvvəla onu deyim ki, dövlət xəstəxanaları ilə müqayisədə özəl klinikalarda qeysəriyyə üsuluna daha çox üstünlük verilir. Bunun da səbəbi dövlət xəstəxanalarında nəzarətin güclü olması ilə bağlıdır. Ciddi bir göstəriş olmasa, hər xəstəni qeysəriyyə əməliyatına almaq olmur. Mütləq ki, ortada keçərli bir səbəb olmalıdır. Ən azından normal doğma qabiliyyətinə malik olan qadınları məcburən əməliyyat edə bilmirlər.
Amma özəl klinikalarda belə bir nəzarət yoxdur deyə orada qeysəriyyə üçün yaşıl işıq yanır. Həkimlərin niyə doğuş yox, əməliyyata üstünlük verməsinə gəldikdə isə burada maddi faktordan əlavə vaxt məsələsi də önəmli rol oynayır. Bilirsiniz ki, doğuş prosesi saatlarla vaxt aparır. Bəzən xəstəxanaya gələn bir qadın 18-20 saat doğuş sancısı çəkə bilir. Həkimlər isə o qədər vaxt sərf edib xəstənin yanında durmaq istəmirlər. Əməliyyat elədir ki, konkret vaxt təyin edilir və yarım saatın içində işini həll edib gedir.

- Hansı amil statistikaya daha çox təsir edir?

- Dəqiq deyə bilmərəm, zənnimcə, 50/50-dir. Amma bir şeyi də unutmayaq ki, indiki qızlarla analarının, nənələrinin dövrü bir deyil. Sağlamlıq baxımından çox ciddi geriləmə var. İndiki qadınlar, gənc qızlar 30-40 il əvvəlki qadınlar, qızlar kimi sağlam deyillər. İldən-ilə həm xəstəliklərin sayı artır, həm də yaşı cavanlaşır. Mamalıq patalogiyalarına rastgəlmə tezliyi də artıb. Bütün bunlar isə qeysəriyyə əməliyyatı üçün tibbi göstərişlərə yol açır.

- Bəs, qeysəriyyə əməliyyatının fəsadları nələrdir?

- Heç bir cərrahi müdaxilə nəticəsiz ötüşmür, mütləq insan orqanizmində izlər qoyur. Qeysəriyyə kəsiyi də cərrahi əməliyyatdır, hansı ki uğurlu qurtardıqda belə boşluqlu əməliyyatlara xas nəticələri ola bilər. İstənilən əməliyyatda isə infeksiya, qanaxma kimi ciddi fəsadlara yol aça bilir. Lakin hər şey ananın vəziyyətindən və əməliyyatı edən mütəxəssislərdən asılıdır.

- Deyilənə görə, təbii yolla doğulan uşaqlar daha tez mühitə uyğunlaşırlar. Onların böyümə və inkişafında ciddi problemlər yaranmır. Əməliyyatla doğulan uşaqlar isə aqressiv, əsəbi olur, nitqi ləngiyir. Hətta son illər autizm sindromunun geniş yayılmasını da buna bağlayırlar...

- Qeysəriyyə kəsiyi ilə doğulan uşaqların ləng inkişafı, daha aqressiv olması ilə bağlı heç bir elmi əsasa rast gəlməmişəm. Əksinə, oxuduğum bir elmi araşdırmaya görə, autizmin səbəbi qadınların hamiləlik dönəmində yaşadığı problemlər yox, yaşlı atalardır. Yaşı 40-dan çox olan kişilərdən dünyaya gələn uşaqlarda bu risk daha aktualdır. İngilis alimləri apardıqları elmi araşdırmaların nəticəsində bu qərara gəliblər. Uşaqların aqressiv, əsəbi olması ananın 9 aylıq hamiləlik müddətini necə keçirməsi ilə birbaşa əlaqəlidir. Düzgün istirahət edib, doğru qidalanan, ailədə heç bir gərginlik yaşamayan, sinir sistemi yerində olan, vaxtlı-vaxtında həkim müayinələrinə gedən hamilə qadının övladı sırf qeysəriyyə kəsiyi ilə doğulub deyə əsəbi, hiperaktiv olmayacaq. Bütün bunların əksini yaşayan qadın övladını təbii yola dünyaya gətirsə belə, uşağın aqressiv olma riski daha çoxdur.

Seçilən
96
38
Mənbələr
Şərh ()
Bağla