AZ

Ankaraya gələn isim gərginlik yaratdı - Ərdoğanın ABŞ səfəri ləğv edilib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri ləğv edilməyib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinin yazarı Abdulkadir Selvi deyib.

Jurnalist bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin Ankara səfərindən sonra ABŞ-də İsrail lobbisinə bağlı qrup səfərin qarşısını almağa çalışır:

“Bu səfər baş tutmalıdır. Çünki bizim ABŞ ilə müzakirə edəcəyimiz çox vacib məsələlər var”.

Selvi F-16-ların satışı, F-35-lər üçün ödənişlərin qaytarılması, İraqda keçiriləcək böyük əməliyyat, PKK terror təşkilatının Suriyadakı varlığı, İsrail-İran gərginliyi və Rusiya-Ukrayna müharibəsi kimi məsələlərin Vaşinqtonda əsas müzakirə mövzuları olacağını qeyd edib.

“İsveçin NATO üzvlüyünə verdiyimiz dəstəklə çox mühüm konyuktura formalaşdırmışıq, bunu lobbilərə qurban verməməliyik”, - jurnalist vurğulayıb.

Səfər proqramı ilə bağlı son iddialara da toxunan Selvi əlavə edib:

“ABŞ-dən səfərin ləğvi ilə bağlı məlumat yoxdur. Prezident Ərdoğan səfərin ləğvi ilə bağlı təlimat verməyib. Türkiyə və ABŞ nümayəndə heyətləri səfər proqramını müzakirə edirlər”.

ABŞ-nin “Blumberq” agentliyi səfərin mayın 9-da baş tutacağını yazıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Ağ Evdə Prezident Co Baydenlə görüşəcək. Ərdoğanın Vaşinqtona gözlənilən səfəri Qəzzada davam edən İsrail-HƏMAS müharibəsi və İranla İsrailin bir-birinin ərazisinə hücum etməsinin Yaxın Şərqdə daha geniş münaqişəni yaxınlaşdırması ilə bağlı narahatlıqları artırdığı vaxta təsadüf edir”.

Türkiyə mətbuatında ABŞ-də İsrailə bağlı lobbilərin Ərdoğanın səfərinin qarşısını almağa çalışdığı barədə iddia yayılıb. Vaşinqtondan verilən son açıqlamadan sonra isə səfərin ləğv iddiası gündəmə gəlib. Söhbət Ağ Evin koordinatoru Con Kirbinin açıqlamasından gedir. Onun sözlərinə görə, Prezident Ərdoğanın səfəri ilə bağlı planlaşdırılan heç bir şey yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
50
Mənbələr
Şərh ()
Bağla