AZ

"Bəyənmədiyimiz Sovet dönəmində müəllim dərsin “ağası” sayılırdı" - TƏHSİL EKSPERTİ DANIŞDI

”Sinif otaqlarında kamera quraşdırılması ideyası absurd məntiqə əsaslanan düşüncənin məhsuludur. Bu, onsuz da zədələnmiş müəllim nüfuzuna yeni sarsıdıcı zərbə olmaqla ona olan inam və güvəni bir qədər də itirmiş olar. Belə bir addımın atılacağı halda onun mənəvi tərəfini bir kənara qoysaq belə, gizli çəkiliş konstitusiya pozuntusudur və şəxsi həyata müdaxilə sayılır. Bir də ki, siniflərdə telefon çəkilişləri azmış kimi, bir də kamera çəkilişlərini ictimailəşdirib məktəbi, müəllimi məsxərə obyektinə çevirək...”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Nadir İsrafilov sözlərinə belə davam edib: “Sanki, bu yolla rəhbərlik və valideynlər uşağın nə etdiyini və müəllimlərin onunla rəftarını izləyə biləcək və həm də məktəblərdə şagirdlər arasında özbaşınalıq halları azalacaq. Telefon çəkilişləri bizə nə verdi ki, kamera çəkilişlərindən gözləntilərimiz nə olacaq... Tədrisin keyfiyyəti artdı, nizam-intizam yüksəldi, məktəblərdə baş verən xoşagəlməz hallar aradan qalxdı, yoxsa, şagird və müəllimlərin davranışlarına nəzarətdə hansısa bir ilkə imza atıldı? Bəlkə, ötən illər məktəblərin birinin sanitar qovuşağında kamera quraşdırılması nəticəsində yayılan fotolar sayəsində orada siqaret çəkənlərin sayı azaldı? Nə yaxşı ki, qızlar üçün nəzərdə tutulan sanitar qovuşağında kamera quraşdırılmamışdı, yoxsa...

Məktəbin ərazisində, giriş qapısında, foyedə, dəhlizlərdə başqa sözlə harada ki, təhlükəsizlik məsələləri pozula bilər, orada kameraların quraşdırılması mümkündür. Bundan əlavə, hansısa ictimai qaydaların pozula biləcəyi, qəzaların baş verməsi mümkün olan yerlərdə kamera quraşdırmaq olar. Yox, əgər hansısa məktəb rəhbəri və ya valideyin müəllimin hansı dərsi necə keçdiyini, nədən danışdığını bilmək istəyirsə, bunun üçün məktəb direktoru, onun müavinləri, metodbirləşmə rəhbərlərinin dərs dinəmə səlahiyyətləri var. O ki, qaldı valideynlərə, onların da təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək və s. bu kimi hüquqları var. Bu məqsədlə açıq dərslər təşkil oluna bilər və onların iştirakı təmin edilər.

Kiçik bir xatırlatma aparmaq da yerinə düşər ki, bəyənmədiyimiz sovet dönəmində müəllim dərsin “ağası” sayılırdı. Nənki, məktəbin direktoru, hətta yuxarı idarəetmə orqanlarının çinovnikləri belə qapını döyüb, müəllimdən icazə almadan sinfə daxil ola bilməzdilər. İndi isə testdən, müsahibədən keçən, yüksək bal toplayıb məktəbə göndərdiyimiz müəllimin keçəcəyi dərsin səviyyəsinə şübhə ilə yanaşmaq fikrinə düşmüşük... Şübhələnək, ancaq 1500-dən artıq məktəbdə neçə sinif otağı olduğu, buna nə qədər maliyyə vəsaiti tələb olunduğu baradə də bir düşünək. Onu da fikirləşək ki, “casus” şəbəkəsi yaradılmasına sərf edilə biləcək bu vəsaitlə məktəblərimizin əyər-əksikliyini aradan qaldırılmaq üçün nələr etmək olar...”.

Ayşən Vəli

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla