AZ

Baş məşqçi AFFA-nın qərarı ilə razılaşmır: “Təhqirdən söhbət belə gedə bilməz”

AFFA Nizam İntizam Komitəsi Azərbaycan II Liqasında çıxış edən “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynova 5 oyun cəza verib. Buna səbəb gənc mütəxəssisin “Kür Araz” komandasına qarşı görüşdə baş hakim Rövşən Rəcəbovu təhqir etməsi göstərilib. 

Məsələyə aydınlıq gətirmək üçün Hüseynovun özü ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytına cəzanın çox sərt olduğunu bildirib:

“Rövşən Rəcəbov matçın ikinci hissəsində qapımıza elə bil penalti təyin etdi ki, orada qayda pozuntusundan söhbət belə gedə bilməzdi. İlk hissədə də qapımıza penalti təyin etmişdi. Buna heç nə demədim, qərar doğru idi. Ancaq ikinci penaltini verəndə stadionda hamı təəccübləndi. Hətta rəqib azarkeşlər belə orada heç nə olmadığını deyirdi. Bütün futbol ictimaiyyətindən xahiş edirəm ki, həmin epizoda baxsınlar. Belə penalti dünyanın harasında var? Mən də bu qərara etiraz etdim.

Ola bilər ki, təpkim bir az sərt olub. Çünki komanda sonuncu sıralardadır, üzərimizdə təzyiq var. Həmin anda da hesab 2:2 idi. Amma təhqirdən söhbət belə gedə bilməz. Oradakı hər kəs buna şahiddir. Dördüncü hakim də bizə yaxın idi. Heç kimi təhqir etməmişəm. Sırf cəzanın ağır olmaması üçün dediyim sözlərə həmişə fikir verirəm. Amma etmədiyim bir şeyə görə niyə belə sərt cəzalanmalıyam? Qərarın çox ağır olduğunu düşünürəm”.

Xatırladaq ki, qarşılaşma “Kür Araz” komandasının 3:2 hesablı qələbəsi ilə sona çatıb.

Həsən Quluzadə

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla