AZ

Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupu aprelin 26-da mina təmizləmə fəaliyyəti ilə bağlı region səfərində olublar.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat veriblər.

İşçi qrupu əvvəlcə Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (BMTİP), ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi qadın minaaxtaranlar layihələrinin üzvləri ilə görüş keçirib.

Fondun prezidenti Umud Mirzəyev qonaqlara görülən işlərdən, layihələrin əhəmiyyətindən, eyni zamanda ölkəmiz üçün vacibliyindən danışıb.

BAMF-ın supervayzeri Nizami Abbasov və Minalar üzrə Məşvərət Qrupunun (MAG) Texniki Sahə Meneceri Bobbi be Dir işçi qrupunun üzvlərinə komandanın gördüyü işlər və nəticələr haqqında geniş təqdimat həyata keçiriblər.

Sonra işçi qrupunun üzvlərinə minaaxtaran itlərlə və siçovullarla aparılan minatəmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının fəaliyyəti haqqında məlumat verilib.

Bundan başqa, onlar mina və partlamamış silah-sursatların zərərsizləşdirilməsi prosesini izləyiblər.

ANAMA-nın İdarə Heyətinin sədri, işçi qrupun rəhbəri Vüqar Süleymanov və işçi qrupun üzvləri minaaxtaran Azərbaycan qadınlarının cəsur, fədakar fəaliyyətlərini yüksək qiymətləndirdiklərini bildiriblər.

Sonda V.Süleymanov komandaya öz tövsiyə və təkliflərini çatdırıb.

Qeyd edək ki, minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupunun işğaldan azad olunmuş ərazilərə səfərləri davam edəcək.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla