AZ

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Bakı, 26 aprel, AZƏRTAC

“Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı, Xəzər Media Mərkəzinin dəstəyi ilə Gəncə şəhərində yerləşən regional Autizm Mərkəzinin fəaliyyətinin davamlılığının təmin olunması məqsədilə Xeyriyyə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Dünya Autizm Maarifləndirmə Ayında təşkil edilən mərasimdə dövlət və hökumət rəsmiləri, dövlət və özəl şirkətlər, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Soltan Məmmədov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, “Xəzər” Media Mərkəzinin direktoru Murad Dadaşov, “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, Valideynlər Şurasının sədri Natəvan Məmmədova çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dayanıqlı, dinamik və inklüziv inkişaf istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, sosial-iqtisadi sahə ilə bağlı müəyyənləşdirilmiş milli prioritetlər, qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində cəmiyyətin rifah halı davamlı olaraq yaxşılaşdırılır, məşğulluq, savadlılıq səviyyəsi daha da artılır. Ölkəmizdə inklüziv cəmiyyətin formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu gün ən həssas kateqoriyalardan olan vətəndaşlarımızın sosial mühitdə aktiv iştirakının təmin edildiyi, onların fərdi inkişafı istiqamətində dövlətimiz tərəfindən zəruri addımların atıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza daim diqqət göstərilir, onların təhsili, sağlamlığı və digər sosial qayğılarının həlli istiqamətində mühüm layihələr həyata keçirilir. Bu xüsusda Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə autizm spektr pozuntulu şəxslərin fərdi inkişafı yönündə “Birgə və Sağlam” İctimai Birliyinin fəaliyyətinə dəstək göstərildiyi qeyd olunub.

Əlavə edilib ki, 2023-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Gəncə şəhərində regional Autizm Mərkəzinin istifadəyə verilib və bugünədək 100 nəfərdən çox autizmli uşaq tam ödənişsiz əsaslarla resurs və bərpa dəstəyinə cəlb edilib. Xeyriyyə gecəsinin məhz Gəncə Autizm Mərkəzinin fəaliyyətinin təbliği, korporativ sosial məsuliyyət prinsipinə önəm verən donor şirkət və təşkilatlar tərəfindən dəstəklənməsi məqsədilə təşkil olunduğu diqqətə çatdırılıb. Tədbir çərçivəsində toplanan ianələrin Gəncə və ətraf rayonlarda növbədə gözləyən 100 nəfərdən çox autizmli uşağın fərdi inkişafı istiqamətində fəaliyyətə sərf olunacağı bildirilib.

Daha sonra qonaqlara “Birgə və Sağlam” İB-nin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Tədbirdə, həmçinin qonaqlar autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olublar. Xeyriyyə gecəsi Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva, autizmli gənc pianoçu Əlisahib Bayramov, Əməkdar artist Babək Niftəliyev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Rəvanə Qurbanova və “AynaBand” qrupunun ifaları ilə davam edib.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla