AZ

May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq

"Müvəqqəti liman Rafaha hücum fonunda Qəzza bölgəsinə çatdırılacaq humanitar yardımın həcminin artırılmasına imkan verəcək..."

 
Amerika hərbi qulluqçuları Qəzza bölgəsinə humanitar yardımı çatdırmaq üçün müvəqqəti liman olan süni adanın yaradılmasına başlayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, Hərbi-Hava Qüvvələrinin generalı Patrik Rayder brifinqdə məlumat verib. Məlumatı "nv.ua" nəşri yayıb. 
 
"Mən təsdiq edə bilərəm ki, "Roy Benavidez" daxil olmaqla Amerika gəmiləri Qəzza bölgəsi sahillərində müvəqqəti limanın və körpünün ilk elementlərinin quraşdırılmasına başlayıb", - o deyib.
 
"Biz yaxın gələcəkdə bu barədə daha geniş məlumat təqdim edəcəyik, çünki biz Qəzza sakinlərinə təxirəsalınmaz yardımın göstərilməsi üzərində beynəlxalq birliklə birgə işləyirik", - o, deyib.
 
Məlumat verilir ki, ada (körpü və ya üzən platforma) Qəzzanın şimal sahillərindən bir neçə kilometr məsafədə yerləşəcək.
 
Pentaqonun dəyərləndirilməsinə görə, onun yaradılmasına 10-14 gün və ya bir qədər artıq zaman tələb ediləcək. Plana görə, humanitar yardım Kiprdə gəmilərə yüklənəcək, oradan İsrail limanlarının birinə, böyük ehtimalla, Aşdod limanına yoxlama üçün göndəriləcək.
 
Daha sonra yardım köməkçi gəmilərlə xüsusi yaradılmış körpüyədək çatdırılacaq. Oradan humanitar yardım yük maşınları ilə Qəzza sakinlərinə göndəriləcək. 
 
Liman ətrafında təhlükəsizlik İsrail Müdafiə Ordusunun hərbi qulluqçuları tərəfindən təmin ediləcək. Amerika hakimiyyətinin fikrincə, müvəqqəti liman Rafaha gözlənilən hücum fonunda Qəzzaya çatdırılacaq yardımın həcminin artırılmasına imkan verəcək.
 
Amerika Silahlı Qüvvələri Qəzza bölgəsi sahillərində humanitar yardımın paylanılması üçün üzən platformanın inşası üzrə işləri mayın əvvəlinə başa çatdırmağı planlaşdırır. 
 
İsrail Müdafiə Ordusunun məlumatına görə, ABŞ Hərbi-Dəniz Donanmasının bir neçə böyük gəmiləri zəruri avadanlıq və materiallarla hələ Atlantikadadır, lakin onların gəlişindən sonra üzən ada üzərində işlər xeyli sürətləndiriləcək. 
 
Üzən körpünün uzunluğu təxminən 550 metr, eni isə iki sıra yük avtomobillərinin yerləşməsi üçün kifayət edəcək. Platformanın işinin təmin edilməsinə təxminən min ametikalı hərbçi cəlb ediləcək. 
 
Pentaqon vurğulayır ki, humanitar yardımın çatdırılması zamanı ABŞ hərbi qulluqçuları gəmilərdən Qəzza bölgəsi sahilinə düşməyəcək. 
 
Xəbər verildiyi kimi, ABŞ humanitar yardımın daha böyük gəmilərdən daha kiçik gəmilərə yüklənməsi üçün dəniz platformasını, habelə onun Qəzza sahillərində boşaldılması üçün körpünü tikməyi planlaşdırır.
 
ABŞ prezidenti Co Bayden martın 7-də Konqresdə çıxış edərkən Qəzza bölgəsi ərazisində humanitar yardımın qəbulu üçün müvəqqəti limanın inşa edilməsini vəd edib. 
 
"Mən bu gün amerikalı hərbi qulluqçulara Aralıq dənizində Qəzza bölgəsi sahilində ərzaq, su, dərman preparatları və müvəqqəti yaşayış evləri olan iri gəmiləri qəbul edə biləcək müvəqqəti limanın yaradılması üzrə təcili missiya həyata keçirməyi tapşırıram.
 
Amerika qoşunları Fələstin torpağında olmayacaq. Bu müvəqqəti liman hər gün Qəzza bölgəsinə daxil olan humanitar yardımın həcmini xeyli artırmağa imkan verəcək".
 
ABŞ administrasiyası öz növbəsində həmin gün bölgənin ərazisində dənizlə Kipr vasitəsilə çatdırılan humanitar yardımı qəbul edən limanı inşa etmək qərarı barədə məlumat verib.
Seçilən
76
Mənbələr
Şərh ()
Bağla