AZ

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Siyasi

İstanbul, 26 aprel, Günel Karatepe, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasındakı gərginlik tarixin dərinliklərindən gələn bir məsələdir. Xüsusilə son yüz ildə ermənilərin Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti mütəmadi olaraq davam edib. Bu, tarixi faktlarla da bəllidir. Türkiyə təbii ki, bir qardaş dövlət olaraq hər zaman Azərbaycanın yanındadır. Ümumiyyətlə, Türkiyə siyasət olaraq daim “Yurdda sülh, cahanda sülh” prinsipi ilə hərəkət edərək, mənsubiyyətindən asılı olmayaraq məzlumun yanında olub. Türkiyənin xarici siyasətinə baxdığımızda da biz bunu görürük. Bu baxımdan, Azərbaycan ilə Ermənistan arasındakı məsələdə Türkiyə təkcə qardaş ölkə olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır. Azərbaycan, torpaqları ermənilər tərəfindən işğal edilən və çox uzun zaman işğala məruz qalan ölkədir. Ermənistanın Azərbaycan torpaqlarının işğalı və bu ərazilərin sahiblərinə qaytarılmasına dair BMT-nin 2008-ci ildə aldığı bir qərar var. Lakin, qarşı tərəf buna məhəl qoymadı. Buna qarşılıq olaraq Azərbaycan 2020-ci ildə başlatdığı əməliyyatla torpaqlarını öz gücü ilə almağa məcbur oldu. Son vəziyyətə gəldikdə, Azərbaycan ilə Ermənistan arasındakı sülh işartıları hər birimiz üçün sevindiricidir. Bir neçə gün əvvəl dörd kəndin sakit bir şəkildə Azərbaycana qaytarılması da alqışlanacaq haldır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Aydın Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə mütəxəssisi Canan Tercan söyləyib.

Ermənilərin qondarma “soyqırımı” iddialarına toxunan siyasi şərhçi deyib: “Azərbaycanın işğal olunan bölgələrdə azərbaycanlılara qarşı soyqırımı törədilməsi ilə bağlı 2021-ci ildə Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı açdığı bir iddia var. Bu gün baxdığımızda, yaxın keçmişdə bütün dünyanın gözü önündə canlı şahidlər və sübutlarla ortada olan bir soyqırımı törədən dövlətin keçmişdə yaşanan hadisələri soyqırımı olaraq qələmə verməyə çalışması absurddur. Osmanlı dövründə baş verən 1915-ci il hadisələrinin günümüzdə siyasətə daşınması da ağlasığmazdır. Tarixin müxtəlif vaxtlarında baş verən hər bir hadisəni o dövrün şərtləri daxilində dəyərləndirmək lazımdır. O dövrə baxsaq, başda Qərb olmaqla dünya ölkələrinin öz gələcəklərini qoruya bilməsi üçün hansı addımları atdığına da nəzər salmalıyıq. Bu baxımdan, 1915-ci il hadisələrini günümüzdə aktual tutmağa çalışsaq, hazırda dünyada baş verən bir çox qarşıdurmanı heç bir əsasla izah edə bilmərik. Burada qlobal dünyada dövrlərə görə dəyişən aktorları da nəzərə almaq vacibdir. Bu gün hələ də 1915-ci il hadisələrində qalsaq heç bir şey əldə edə bilmərik. Belə ki, bu hadisələr Birinci Dünya müharibəsindən əvvəl, ozamankı dövlətin mövcud şərtlərə görə aldığı qərarlar əsasında meydana gəlib ki, burada da soyqırımından bəhs etmək mümkün deyil. Qısa izah etsək, bu, onsuzda xarici qüvvələrlə mübarizə aparmaq məcburiyyəti qarşısında qalan Osmanlı dövləti tərəfindən ölkənin bütövlüyünü qoruyub-saxlamaq məqsədilə daxildə baş qaldıran etnik azlıqların ölkədən uzaqlaşdırılması üçün alınan bir qərar idi. Hadisənin əsası budur və burada soyqırımından bəhs etmək belə mümkün deyil. Sənədlərə baxdıqda da bu azlıqların yol güzərgahı, əsgərlərin onları müşayiət etməsi, gedəcəyi bölgələrdə yaşayışlarının təmininə dair maddələr də var. Bütün bunlar hadisələrin soyqırımı olmadığının sübutudur. Əgər mütləq bir soyqırımı sözü istifadə edilməlidirsə, o vaxt ilk növbədə, xüsusilə bir gecədə ermənilər tərəfindən törədilən Xocalı hadisələri və bu kimi digər cinayətlərdən danışa bilərik”.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla