AZ

Gənc nəsli narkomaniyadan qoruyaq!

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. Belə ki, bu məsələ ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanında öz əksini tapmış, narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sözügedən sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” həyata keçirilir. Dövlət Proqramının Lənkəran rayonunda icrası ilə bağlı geniş Tədbirlər Planı hazırlanmış və bu istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilməsi üçün rayonda xüsusi komissiya yaradılmışdır.

14 avqust 2023-cü il tarixdə “Lənkəran Luxe” otelində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi tərəfindən “Narkomaniyaya qarşı mübarizə - sağlam həyat tərzinin əsasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Layihənin məqsədi narkotik vasitələrin orqanizmə təsirləri, narkomaniya asılılığı və narkomaniyaya qarşı mübarizənin aparılması yolları haqqında məlumatların verilməsi idi. Tədbirdə hüquq-mühafizə orqanlarının rayon şöbəsinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşları, rayonun qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya Vasitələrinin nümayəndələri və könüllü gənclər iştirak etmişlər. 23 Sentyabr 2023-cü il tarixdə  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və "Təhsil" RİM Lənkəran şəhər UGİŞM PHŞ-inin birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya-İdman Kompleksində UGİŞM müəllimlərinə və idmançılarına  “Sağlam həyat naminə narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomanlıq əleyhinə təşkilatlararası əlaqələndirmə funksiyasını öz üzərinə götürməklə narkomaniyaya qarşı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran şəhər Sektoru, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti institutları ilə birgə profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, narkomanlığın yaşadığımız cəmiyyətə və insan sağlamlığına zərəri barədə rayonun ümumtəhsil müəssisələrində “Nakomanlığa və narkotik vasitələrə yox deyək” devizi altında sinif divar qəzetləri və bullütenlər buraxılmış, narkomaniyanın dəhşətli bəla olması ilə bağlı şagirdlərə məlumatlar verilmişdir. Rayonun ümumtəhsil müəssisələrində təhsil işçiləri və məktəblilər arasında narkomaniyadan və narkotik vasitələrdən istifadənin zərərli nəticələri ilə bağlı tibbi-bioloji, əxlaqi-etik, sosial-iqtisadi və hüquqi istiqamətlərdə söhbətlər, yığıncaqlar, dəyirmi masalar, viktorinalar, görüşlər, müxtəlif idman tədbirləri, inşa və rəsm müsabiqələri təşkil olunmuşdur.

Narkotik vasitələrin, psixitrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində təbliğat-təşviqat işlərini gücləndirmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə şəhərin 3, 5 nömrəli, Hirkan, Aşağı Nüvədi, Haftoni qəsəbə, Çayfabriki və Mamusta kənd orta və digər məktəblərdə seminar və dəyirmi masalar keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və  Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qurumba kənd ümumi orta məktəbində "Gənc nəsli narkomaniyadan qoruyaq" devizi altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrdən yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən və erkən nikahın fəsadları barədə şagirdlər məlumatlandırılmışlar.

5 mart-Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar “İdman həftəsi” çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində region idman ictimaiyyətinin nümayəndələri, idman təşkilatları, məşqçi-müəllimlər, idmançılar, könüllü gənclər və region sakinlərinin iştirakı ilə idman paradı keçirilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi tərəfindən Lənkəran rayonu ərazisində keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il ərzində  45 cinayət faktı aşkar etməklə 224 kq 981,326 qram müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır. Götürülmüş narkotik vasitələrdən 57 kq 021,188 qram heroin, 7 kq 762,958 qram tiryək, 1 kq 965 qram həşiş, 157 kq 907,38 qram marixuana, 16 kq 529,466 qram metafetamin, 324,8 qram metodon və 3 kq 600 qram çətənə kolu olmuşdur.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən keçən il ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 318 cinayət faktından 129-u narkotik vasitələrinin satışı  faktı olmuşdur. Ümumilikdə 59 kq 389,645 qram narkotik vasitə dövriyyədən çıxarılmışdır ki, onlardan 45 kq 111,9 qram heroin, 14 kq 277.7 qram qurudulmuş marixuana və 3 kq 213,4 qram psixotrop maddələrdir.

2023-cü il ərzində Lənkəran Şəhər Narkoloji Xəstəxanasına müraciətlər və xəstəxananın iş planına uyğun təşəbbüslər nəticəsində 6819 nəfər müxtəlif səbəblərdən ambulator və stasionar qəbul olmuşdur. Qəbul edilənlərdən 158 nəfəri stasionar, 6661 nəfəri alkoqol, narkotik və toksikoloji sərxoşluğun müəyyənləşdirilməsi üçün məcburi ekspertiza müayinəsindən keçmiş və ambulator baxışlarda olmuşlar. Ötən müddət ərzində xəstəxanadan 1002 nəfər HİV və hepatitlə bağlı müayinəyə göndərilmişdir.

2023-cü ildə xəstəxanada narkoman diaqnozu ilə 268 nəfər ilkin xəstə qeydiyyata götürülmüş, 450 nəfər qeydiyyatdan çıxarılmışdır. Hazırda Lənkəran Şəhər Narkoloji Xəstəxanasında 3193 nəfər narkoistifadəçi qeydiyyatda vardır və onlardan 45 nəfəri qadın, 259 nəfəri 18-24 yaş, 337 nəfəri 25-29 yaş, 635 nəfəri 35-39 yaş, 537 nəfəri 50-54 yaş və 266 nəfəri 55 yaşdan çox olanlardır. Xəstələrlə fəal müalicə kursundan sonra sosial-psixoloji reabilitasiya kursu həyata keçirilmişdir. Yetkinlik yaşına çatmayan şəxslər arasında xəstəliklərin aşkar edilməsi və ya onlarla profilaktik tədbirlər il boyu həyata keçirilmişdir. Belə ki, Lənkəran şəhər 2, 4, 7 nömrəli və Nərimanabad qəsəbə tam orta məktəblərində yuxarı sinif şagirdləri qarşısında baş narkoloqun əhatəli məruzələri olmuşdur.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkotiklrərin qanunsuz dövriyyəsi ilə mübarizə və narkomaniyanın qarşısının alınması sahəsində profilaktik fəaliyyətin gücləndirilməsini, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasını, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini daim diqqət məkəzində saxlayır və bundan sonra da bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla