AZ

Milli maraqlar, beynəlxalq hüquq...

Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas istinad mənbəyi...

Yürütdüyü çoxvektorlu xarici siyasət kursu Azərbaycanın bugünki uğurlarının ən mühüm komponentlərindən biridir. Yerləşdiyi geocoğrafi məkan ölkəmiz üçün bir sıra iqtisadi-ticari imkanlar yaratsa da, siyasi nöqteyi-nəzərdən kataklizmlərin davamlı hal aldığı bölgələrdən sayılır. Təsadüfi deyil ki, həm sivilizasiyaların, həm də mədəniyyətlərin qovşağı kimi xarakterizə olunan Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycan bu gərgin situasiyada özü üçün praqmatik və səmərəli, başqa sözlə milli maraqlarına uyğun aura formalaşdırıb. 30 ilə yaxın işğaldan, təcavüzdən və terrordan, separatizmdən əziyyət çəkən ölkəmiz səbr və təmkinlə, özünəməxsus siyasi-iqtisadi, ən əsası isə strateji inkişaf trayektoriya cızmaqla bu günün real mənzərəsini yaradıb. Böyük güclərin heç bir müdaxiləsinə imkan verməyən, bölgəsəl prosesləri həm regionun, həm də dövlət olaraq özünün siyasi-ictimai maraqlarına uzlaşdıran Azərabycanın uğur formulunun açarı məhz bununla izah edilir - bütün yanaşmalarında ədalət prinsipinin qorunması və beynəlxalq hüquqa imtinad edilməsi. Beləliklə, uzun illərdir ki, özünün müstəqil xarici siyasi kursuna sadiqlik nümayiş etdirən məhz bu çərçivədə dünyanın rəğbətini qazanıb, bölgənin siyasi liderinə çevrilib. 

Mövqeyimizi gizlətmirik...

Qeyd edildiyi kimi yerləşdiyimiz bölgə, yaxın coğrafiyamız qarşıdurma və gərginliklərlə “zəngindir”. İstər Mərkəzi Asiyada (Əfqanıstan), istər Yaxın Orta Şərqdə, istər Şimali Qafqazda, istərsə də Mərkəzi Avropada (Ukrayna) baş verənlər bu və ya digər şəkildə regional proseslərə təsirini göstərir. Bölgənin aktiv siyasi-iqtisadi tənzimləyici ölkələrindən biri kimi biz də bu proseslərə bu və ya digər şəkildə münasibətimizi aşılamalıyıq - Azərbaycanın xarici siyasət kursunun xarakterik xüsusiyyətlərindən biri kimi regionda və beynəlxalq səviyyədə əməkdaşlığın və təhlükəsizliyin önə çəkilməsi məhz bu münasibətin əsasını təşkil etməkdədir. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktor kimi çıxış edir. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini milli maraqlar, beynəlxalq hüquq müstəvisində tənzimləyir - ölkəmizin xarici siyasət prioritetləri arasında müstəqillik və suverenlik prinsipləri diqqəti cəlb edir. Bu amil bütövlükdə ikitərəfli və çoxtərəfli münasibətlər? anlayışını özündə ehtiva etməkdədir - başqa sözlə, Azərbaycan hətta bölgəsəl problemlərin həllinə münasibətdə belə praqmatik baxışı ilə seçilir. Buna ən real misal iki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinə qarşı ortaya qoyulan mövqedir - Azərbaycan Ukraynaya humanitar yardım edir, amma tərəflərin heç birinə silah-sursat yardımı edilmir. Bu ilk növbədə münaqişənin bitməsi üçün ortaya qoyulan münasibətdir. İkinci bir tərəfdən, Azərbaycan hər iki dövlətlə bu və ya digər şəkildə mühüm əlaqələrə malikdir və bu kimi məsələlərdə tərəf olmur. ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Ukraynaya münasibətdə bu ölkənin ərazi bütövlüyünə dəstəyimiz dəfələrlə ifadə olunub və bu, bizim mövqeyimizdir, harada danışdığımızdan asılı olmayaraq, bunu gizlətmirik: “Eyni zamanda, Rusiya ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərimiz də bu müharibədən əziyyət çəkməyib və zərər görməməlidir. Bu da bizim milli maraqlarımızı əsas götürən hökumətimizin mövqeyidir”.

Başqalarının pozmamasını istədiyiniz qaydaları özünüz pozursunuzsa...

Ümumi baxış bucağı yekdil bir münasibəti özündə birləşdirir - beynəlxalq miqyasda əminliklə ifadə olunur ki, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd etməkdədir. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq statuslu təşkilatları regiona münasibətdə ilk hədəf olaraq Azərbaycanla əməkdaşlığı müəyyənləşdirir. Bunun nəticəsidir ki, özünün müstəqilliyinin cəmisi 30 ili ərəfəsində ölkəmiz BMT TŞ-n?n qeyri-daimi üzvü kimi mühüm bir məqama seçildi. Qoşulmama Hərəkatına sədrliyimiz dönəmində qlobal təhlükəsizliyin davamlı hal alması üçün mühüm addımlar atıldı. Bütün bunlar beynəlxalq miqyasda olduqca yüksək dəyərləndirilir. Azərbaycan hazırda mühüm geosiyasi aktor kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər. Ölkəmizin beynəlxalq müstəvidə yeri və rolunu xarakterizə edən ekspertlər, analitik mərkəzlər Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etdiyini diqqətə çatdırırlar. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verir - Şərq ilə Qərb arasında münasibətlərin tənzimlənməsində uzlaşdırıcı dayaq mərkəzi kimi çıxış edir. Azərbaycan bütün sferalarda dostluğu, əməkhaşlığı hədəfləyir - sadəcə olaraq bu hədəflər milli maraqlar və beynəlxalq hüquq kontekstinə köklənib. Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında bildirib ki, beynəlxalq hüquq baxımından mükəmməl hesab etmədiyimiz bir şey etmirik. Çünki başqalarının pozmamasını istədiyiniz qaydaları özünüz pozursunuzsa, bu, susuz səhraya aparan yolun, sadəcə, başlanğıcıdır və digər qonşularla da eynidir: “Artıq İsraillə yaxşı münasibətlərimizdən bəhs olundu. Bəli, elədir. Biz bir-birimizi dost hesab edirik. Bu, bizim İran və ya Fələstinlə münasibətlərimizə təsir edən amil olmamalıdır. Mövqeyim tamamilə birmənalıdır. Yenə də beynəlxalq hüquqa əsaslanaraq, biz Fələstin xalqının öz dövlətinə sahib olmaq istəklərini tam dəstəkləyirik. Biz müxtəlif qurumlarda, o cümlədən İslam Əməkdaşlıq təşkilatlarında təşəbbüslərlə çıxış etmişik və ya bir çox hallarda müxtəlif tədbirlərdə iştirak etmişik. Biri digərini istisna etməməlidir. Ədalətli olmalısan, addımlarını, bəyanatlarını beynəlxalq hüquq əsasında qurmalısan. Hər şeyi milli maraqlara uyğun etməli, milli maraqlara zidd heç nə etməməlisiniz. Bölgədə xarici tərəflərin ölkənin şahmat taxtasındakı fiqurları hərəkət etdirməsi və bunun hansı nəticələrə gətirib çıxardığı hallar olub - faciə ilə nəticələnib. Xarici güclərin öz milli maraqları var və onlar mütləq sizin maraqlarınızla üst-üstə düşmür. Əgər üst-üstə düşsə yaxşıdır. Yoxsa biz imtina edirik, biz heç vaxt Azərbaycana potensial təhlükə yarada biləcək heç bir təşəbbüsə qoşulmamışıq və İranla, Rusiya ilə, Gürcüstanla, Avropa ilə, qardaş Türkiyə ilə münasibətlərimizdə həmişə ədalətli olmuşuq. Uğur qazanmağımızın səbəbi də budur”.

Pərviz SADAYOĞLU 

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla