AZ

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

Daşqınlardan

Bakı, 27 aprel, AZƏRTAC

Qazaxıstanın bəzi rayonlarında baş verən daşqınlardan sonra 36 min 745 nəfər öz evlərinə qayıdıb. Hazırda təxliyə mərkəzlərində 6 min 909 nəfər qalır.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu rəqəmlər Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin jurnalistlər üçün təşkil olunan brifinqində səslənib.

Məlumata görə, daşqınlar başlayandan bəri 44 min 776-sı uşaq olmaqla 119 min 220 nəfər təxliyə edilərək təhlükəli ərazilərdən çıxarılıb. İndiyədək 6 min 148 ev və 2 min 794 həyətyanı sahə daşqın sularından təmizlənib. Qaynar xəttə 2 min 241 zəng daxil olub.

Qeyd edək ki, mart ayının sonu-aprelin əvvəlində qarın əriməsi ilə bağlı Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Hazırda Qərbi Qazaxıstan vilayətində vəziyyət sabitləşib, Atırau vilayətində isə suyun səviyyəsində artım qeydə alınıb. Daşqınların qarşısının alınması məqsədilə Jayık çayı boyunca sahil xəttinin mühafizəsi gücləndirilib, 240 kilometr uzunluğunda qoruyucu bəndlər qurulub. Daşqınlarla mübarizədə və əhaliyə yardım tədbirlərində ümumilikdə 25 min nəfərdən çox insan, 3 min texnika, 634 su nasosu, 268 üzmə vasitəsi və 14 təyyarə iştirak edir.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla