AZ

“Qalatasaray” rekordunu yenilədi, “Fənərbaxça”ya çatdı

Futbol üzrə Türkiyə Super Liqasının 34-cü turunun “Adana Dəmirspor”la səfər oyunu “Qalatasaray” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Okan Burukun çalışdırdığı kollektiv bu oyunda 3:0 hesablı qələbə qazanmaqla zirvədəki mövqeyini daha da möhkəmləndirib.

İstanbul təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını da 22-yə çatdırıb. Bu mövsüm yeganə məğlubiyyətini Super Liqanın 12-ci turunda “Hatayspor”la səfər matçında almış bu komanda ondan sonra keçirdiyi 22 oyunda 20 qələbə qazanıb, 2 heç-heçə edib.

Super Liqada ardıcıl 15 oyundur qalib gələn “Cim-Bom” özünə aid olan ən uzun qələbə seriyası rekordunu da yeniləyib.

“Qalatasaray” cari mövsümdə keçirdiyi 34 oyunda 30 qələbə qazanıb, 3 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb. Komanda 93 xalla zirvədə qərarlaşıb və əsas izləyicisi “Fənərbaxça”nı artıq 7 xal qabaqlayır.

Yeri gəlmişkən, “sarı-qırmızılılar” “Fənərbaxça”ya aid olan bir mövsümdə ən çox xal rekordunu təkrarlayıb. 1988/1989 mövsümündə “Fənərbaxça” 93 xal qazanmaqla bir mövsümdə toplanmış xallarının sayına görə Super Liqanın rekordçusu idi. “Qalatasaray”ın növbəti oyunlarda bu rekordu da ələ keçirməsi gözlənilir.

Xatırladaq ki, İstanbul təmsilçisi özü indiyə qədər çempionatda ən çox xalı (90) 1987/1988 mövsümündə toplamışdı.

Qeyd edək ki, Türkiyə Super Liqasında 2023/2024 mövsümünün başa çatmasına 4 tur qalıb. Lideri növbəti turlarda müvafiq olaraq “Sivasspor”la (ev), “Fatih Karagümrük”lə (səfər), “Fənərbaxça” ilə (ev), “Konyaspor”la (səfər) oyunları gözləyir. İstanbul təmsilçisinin qarşıdakı turlarda erkən çempionluğunu da rəsmiləşdirməsi istisna edilmir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla