AZ

Tayyip Talha Sanuç “Beşiktaş”la yeni müqavilə bağladı

Türkiyənin “Beşiktaş” klubu bu ölkənin milli komandasının da üzvü olan Tayyip Talha Sanuç ilə müqaviləsinin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi 3 illik yeni müqaviləyə imza atıb. Yeni sözləşməyə əsasən, Sanuç 2026/2027 mövsümünün sonuna kimi “qara qartallar”ın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin yayında bitəcəkdi. Yeni sözləşmə ilə, müdafiəçinin məvacibində də artım baş verib.

Xatırladaq ki, Tayyip Talha Sanuç 2022-ci ilin sentyabr ayında “Adana Dəmirspor”dan 1,5 milyon avro qarşılığında “Beşiktaş”a transfer olunub.

Müdafiəçi cari mövsümdə cəmi 5 oyuna çıxıb. Buna onun ağır zədədən əziyyət çəkməsi səbəb olub.

Sanuç İstanbul klubunun heyətində bütövlükdə 27 oyuna çıxıb, 2 qol vurub.

Tayyip daha öncə “Adana Dəmirspor” və “Karabükspor”un da formasını geyinib. Mərkəz müdafiəçisi Türkiyə milli komandasında da 1 oyun keçirib.

Yeri gəlmişkən, “Beşiktaş” üç gənc futbolçusu ilə də yeni müqavilə imzalandığını açıqlayıb. İstanbul təmsilçisində Serkan Emrecan Terzi, Göktuğ Baytekin və Yakup Arda Kılıçla yeni sözləşmə imzalanıb. Xəbərdə bildirilir ki, Serkan Emrecan Terzi ilə Göktuğ Baytekin yeni müqaviləyə əsasən, 2026/2027 mövsümünün sonuna kimi “Beşiktaş”ın uğurları üçün çalışmağa davam edəcək. Yakup Arda Kılıç isə 2027/2028 mövsümünün sonuna kimi bu komandada qalacaq. Hər üç futbolçunun İstanbul klubunun öz yetirməsi olduğunu da qeyd edək.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla