AZ

Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO

Berlində iqlim dəyişiklikləri ilə bağlı keçirilən dialoq Almaniya-Azərbaycan münasibətlərinin yeni bir istiqaməti hesab etmək olar və bu, olduqca müsbət dəyələndirilməli hadisədir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, “15-ci Petersberq İqlim Dialoqu” Almaniya və Azərbaycan arasında daha da sıx iqtisadi-siyasi əlaqələrin qurulmasına şərait yaradacaq:

“Bu ilin noyabrında Bakıda 160-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Son vaxtlar dünyada gədən proseslər, yaşıl enerji məsələsinə diqqətin artırılması, belə vacib tədbirin isə məhz Azərbaycanda keçilməsi ölkəmizin beynəlxalq nüfuzuna daha da müsbət təsir edəcək. Yaşıl enerjiyə keçidlə əlaqədar Azərbaycanın gördüyü tədbirlər və bu istiqamətdə dövlət başçısının xüsusi rolu mütləq qeyd edilməlidir. Çünki təşəbbüslər, həyata keçirilən layihələr, bu sahəyə ciddi maliyyə ayrılması məhz dövlət başçısının qətiyyətinin və zəhmətinin məhsuludur”.

Deputat Almaniyanın Avropa İttifaqındakı güclü dövlətlərdən biri olduğunu söyləyərək bu dövlətin iqtisadi üstünlüyü və nüfuzunun Azərbaycana da imkanlar vəd etdiyini vurğulayıb:

“Çox böyük iqtisadiyyatı və geniş elmi-texnoloji imkanları olan Almaniya ilə aparılan danışıqlarda da iqtisadi əlaqələrin, əməkdaşlığın gücləndirlməsi məsələlərinə toxunulub. Prezident İlham Əliyev Azərbaycanda aparılan islahatlar, Qarabağdakı quruculuq işləri ilə bağlı geniş məlumat verib, jurnalistlərin suallarını cavablandırıb. Hesab edirəm ki, müəyyən çətinlikləri olsa belə, Azərbaycanla Almaniyanın iqtisadi əlaqələrinin möhkəmlənməsi, genişlənməsi ölkəmizin iqtisadi, ictimai, siyasi həyatına müsbət təsirini göstərəcək”.

V.Əhmədov bildirib ki, dövlətlər arasında bu cür ikitərəfli görüşlərin, dialoqların sıx təşkil edilməsi beynəlxalq münasibətlərin qurulmasında mühüm rol oynayır:

“Bu cür ikitərəfli görüşlər dövlət başçıları, hökumət üzvləri, parlamentlər, iqtisadi və siyasi qurumlar arasında keçirilə bilər. Azərbaycan və Almaniya münasibətləri də bu səpkidə yanaşdıqda kifayət qədər yüksək səviyyədə qurulub, inkişaf mərhələsinə çatdırılıb. Azərbaycan müxtəlif sahələrdə Almaniya təcrübəsindən istifadə edir, daxili istehsalı, ixrac qabiliyyətini və iqtisadi potensialını artırmaq üçün əməkdaşlıq şəraitində fəaliyyətə çalışır”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutub və Berlin şəhərində Azərbaycanla birgə “15-ci Petersberq İqlim Dialoqu” keçirilib. Eyni zamanda Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar.

 

Seçilən
91
50
Mənbələr
Şərh ()
Bağla