AZ

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

"Çörəyin qiymətinin aşağı enməsi çörək istehsalçılarının insafına qalıb. Hazırda çörəyin qiymətinin ucuzlaşması üçün zəmin var. Məsələn, 70 qəpiyə satılan təndir çörəyinin maya dəyəri 30 qəpikdir. Deməli, bir çörəyi 40 qəpik bahasına satırlar. Zavod çörəyinin də maya dəyəri 30 qəpikdir.  Onun qiymətini 20 qəpik azaltmaq imkanları var". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli dünya bazarında 2024-cü ildə buğdanın qiymətinin aşağı enməsinin çörək və unun qiymətinə təsirlərindən danışarkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycana idxal edilən buğdanın qiymətinin aşağı düşməsi çörək istehsalında maya dəyərinin azalmasına təsir göstərməlidir:

"Dünya bazarında buğdanın qiymətinin ucuzlaşması dərhal unun və onun ardınca da çörəyin ucuzlaşmasına gətirib çıxartmalıdır. Lakin bunu müşahidə etmirik. 2022-ci ildən bəri zavod çörəyi adı ilə tanınan çörək 3 dəfə 5 qəpik, yəni ümumilikdə 15 qəpik çivarında ucuzlaşıb. 65 qəpikdən 50 qəpiyə düşüb. Bu da yalnız zavod çörəyinə aiddir. Digər çörəklərin qiyməti əvvəlki qaydada qalıb. Bunun da səbəbləri inhisarçılıqla əlaqədardır".

Akif Nəsirli qarşıdakı aylarda çörəyin qiymətinin aşağı enməsinə inanmadığını vurğulayıb:

"Yəni, onların rəqibi olmadığından çörəyin ucuzlaşması barədə düşünmürlər. Çörək hazırda az qala maya dəyinin iki qatına satılır. Amma gördüyümüz kimi ucuzlaşmır. Ucuzlaşma üçün qarşıdakı dövrdə zəmin olacaq. Maya dəyəri bir qədər aşağı düşəcək. Amma onu sahibkarlar nəzərə alacaqmı? Bunun üçün zamana ehtiyac var".

Seçilən
97
1
Mənbələr
Şərh ()
Bağla