AZ

Arda Gülər həm qəhrəman oldu, həm də tarixə düşdü

Dünən Arda Gülər sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən birinə çevrildi və onun haqda minlərlə paylaşımlar edildi.

La Liqada 35-ci turun açılış oyununda ''Real'' ''Real Sosyedad''ın qonağı oldu. Madrid nəhəngi həm inamla turnir cədvəlinə başçılıq etdiyindən, həm də komandanı gələn həftəiçi ''Bavariya'' ilə vacib oyun gözlədiyindən Karlo Ançelotti heyətdə rotasiyaya əl atmışdı. Bunun sayəsində Arda İspaniya karyerasında ilk dəfə La Liqa matçında start heyətində meydana çıxdı.

Oyunun əvvəllərində hakimə etiraza görə sarı vərəqə alan gənc türkiyəli ulduz 29-cu dəqiqədə isə həm ''Real'' fanatlarını, həm türkiyəli futbolsevərləri ayağa qaldırdı. O, Karvaxalın ötürməsindən sonra bir toxunuşla topu qapıçının ayaqları arasından tora göndərdi. Gülər 68 dəqiqə meydanda qalaraq Vinisiusla əvəzləndi. Bu qol oyunda yeganə oldu və ''Real'' çempionatda ardıcıl 6-cı qələbəsini qazanmaqla xalını 84-ə yüksəltdi. Oyunun ən yaxşısı seçilən Arda həm də bu qolla tarixə düşdü.

''Opta''nın məlumatına Arda 19 yaş 61 günlüyündə XXI əsrdə ''Real''ın heyətində La Liqada ''11-lik''də meydana çıxdığı ilk qarşılaşmada qol vuran ən gənc ikinci futbolçu oldu. O, bu siyahıda yalnız Rodriqo Qoesdən gedir. Braziliyalı futbolçu çempionatda start heyətində ilk matçını 2019-un oktyabrın 30-da ''Leqanes''ə qarşı keçirmiş və qol vurmuşdu. Həmin vaxt o, 18 yaş 294 günlüyündə idi. Dünənki qarşılaşmanın ardından Ançelotti Ardanın ''Real''ın gələcəyi baxımından vacib futbolçu olduğunu və onun gələn mövsüm də komandada olacağını vurğuladı.

ƏLİ

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla