AZ

Əliyevin Berlin səfəri və erməni paxlavasının üstünə fındıq düzənlər

Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nda iştirak etdi. Müasir dünyanın ən geniş miqyaslı tədbiri olan COP29-a ev sahibliyi edəcək Azərbaycan sözü gedən qlobal tədbirə fəal hazırlaşır və elə prezidentin Almaniyaya səfəri də bu hazırlığın tərkib hissəsi idi. Dövlət başçımız Berlinə Füzuli Hava Limanından uçmuş və bununla Cənubi Qafqazla maraqlanan avropalılara erməni revanşizminə verdikləri dəstəyin nəticəsiz qalacağı barədə mesaj vermişdi. Səfərdən öncə İlham Əliyev ADA universitetində təşkil olunan “COP29 və Azərvaycan üçün yaşıl baxış” adlı foruma qatılmış, kifayət qədər mötəbər ekspertlərin suallarını cavablandırmışdı. Prezident Əliyevin həm ölkəmiz, həm də regional və qlobal proseslərlə bağlı suallara cavabı istər səviyyə, istər keyfiyyət, istərsə də sistemlilik baxımından Azərbaycan liderinin mükəmməl viziyaya malik olduğunu bir daha təsdiq edirdi. Zənnimcə, kifayət qədər aydın izahlardan ibarət olan bu mükalimə İlham Əliyevin Azərbaycana təzyiq etmək istəyən qüvvələr qarşısında nə qədər qətiyyətli və haqlı olduğunu da birmənalı şəkildə ifadə edir.

Almaniya Fransanın küyünə gedib bu təzyiq dalğasının bir parçası olmaq, yoxsa öz spesfik diplomatik ənənələrinə sadiq qalıb Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək vermək istəyir?

Azərbaycan prezidenti və Almaniya kansleri Olaf Şoltzun birgə mətbuat konfransından çıxan nəticə odur ki, Berlin Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması faktını nəzərə alır və regionda Əliyevin Azərbaycanın milli maraqları ilə bütünləşmiş iradəsinin ziddinə hərəkət etməyin mənasızlığını anlayır. Bütün bunlar həm də alman mediasında Azərbaycan liderinə qarşı dərc edilən cızma-qaraların arxasında dayanan kompleksə səbəb olur. Almaniya tarixən Cənubi Qafqazda Gürcüstanı himayə edib və bizim regionumuzda maraqlarını Gürcüstan üzərindən reallaşdırmağa çalışıb. Azərbaycan Qarabağ savaşında parlaq zəfər qazanmaqla, ərazi bütövlüyünü təmin etməklə və o cümlədən 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən Qarabağa müvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingentini vaxtından əvvəl ölkəmizdən çıxarmaqla xarici təsirdən asılılığını kardinal şəkildə aradan qaldırıb. Almaniyanın dəstəklədiyi Gürcüstan ərazi bütövlüyünü təmin edə bilməyib, Azərbaycan isə ATƏT-in Minsk Qrupundakı həmsədr dövlətlərin planlarına meydan oxuyaraq torpaqlarını işğaldan azad edib. Bu azadlığın arxasında İlham Əliyevin bir siyasi lider kimi böyük əzmi və iradəsi dayanır. Əzmli, iradəli, qlobal oyunçuların diktəsini qəbul etməyən liderləri avtoritarizmdə, diktaturada suçlamaq alman mediasının köhnə vərdişidir və biz bu cür sarsaq iddialara Türkiyə prezidenti Ərdoğanın əleyhinə dərc edilən saysız-heabsız məqalələrdən alışığıq. Bəli, alman mediasının illərcə “diktator” deyibən qaraladağı Ərdoğanın partiyası Türkiyədəki son bələdiyyə seçkilərində məğlub olub və qardaş ölkənin lideri, hakim partiyası da bu nəticələri tanıyıb, qəbul edib. Hanı, bəs, Ərdoğan diktator idi?

“Ağ ev”in sahibi Co Baydenin Tik-Tok sosial şəbəkəsinin ABŞ-da qadağan edilməsi barədə verdiyi qərarlardan yəqin ki, agahsınız. Son sosioloji sorğulara görə, Azərbaycan əhalisinin 70 %-dən çoxu Tik-Tokun ölkəmizdə yasaqlanmasından yanadır, işin bu tərəflərinə toxunmuram. Amma özünü liberalizmin beşiyi sayan bir dövlətin sosial şəbəkə yasaqlamağa çalışması, şəbəkənin sahibinə “sat” ismarıcı verməsi azad sözün də, azad bazarın da üstünə nizə ilə şığımaqdır. Ancaq bunun üçün ABŞ-ı “Freedom House” kimi təşkilatlar qınaya, qara siyahıya sala, Co Baydenə “diktator” deyə bilərlərmi? Qətiyyən! Çox pakizə, bəs nədən Gürcüstan ABŞ təcrübəsinə əsaslanan “Xarici təsir agentləri haqqında” qanun qəbul etmək istəyəndə, Azərbaycan xaricdən qanunsuz maliyyələşən media resursları barədə ölçü götürəndə, bu, demokratiyaya qarşı çıxmaq anlamına gəlir? Məsələ çoxdan bəllidir: QHT və media sektoruna xaricdən axıdılan pullar yeni müstəqil dövlətlərdə “beşinci kolon”ların formalaşmasına xidmət edib.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla