AZ

Şahin Diniyevlə Krunoslan Renduliç Yusif İmanovu təriflədilər

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 32-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvat mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm, çox yaxşı oynadılar. Ardıcıl üçüncü qələbəmizdir. Oyunun əvvəlində bir az əsəbi idik. Çünki bu matç bizim üçün çox önəmli idi. Qələbəyə layiq idik. Heç vaxt hansısa oyunçunu fərqləndirməmişəm. Amma bu gün Yusuf İmanovu xüsusi qeyd edərdim. Möhtəşəm çıxış etdi. Digər futbolçular da var güclərini meydanda qoydular. Amma biz kor deyilik. Gördük ki, çoxlu texniki səhvlərə yol verdik. Son 6 oyunda ilk dəfə qol buraxmadıq. Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq. Sabahdan etibarən növbəti oyun haqda düsünəcəyik.

Mövsüm ərzində zədəlilərimiz çox olub. Hazırda yaxşı əhval-ruhiyyədəyik. Addım-addım irəliyə doğru getməliyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Bilirik ki, çətindir. Amma buna cəhd edəcəyik.

Bizim üc qapıçımız var. Onların üçü də yaxşı çalışır. Təəssüf ki, yalnız birini seçə bilirik. Hazırda növbəti oyunlarda qapıçını dəyişmək üçün səbəb yoxdur. Amma Yusif arxayınlaşmalı deyil. Kim layiqdirsə, oynayacaq”.

Krunoslav Renduliç Azərbaycan Premyer Liqasında komanda sayının artması ilə bağlı müzakirələrə də münasibətini bildirib:

“Mənim fikrimcə, say artdıqca keyfiyyət aşağı düşəcək. Eyni şeyi Bosniya və Herseqovinada gördüm. Azərbaycan, Avstriya, Sloveniya kimi ölkələr üçün komanda sayının az olması yaxşıdır”.

“Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm” – Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarım epizoddan qol buraxdıq. “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm. Yarım epizoddan qol vura bildilər. Bu da məşqçinin və futbolçuların əməyidir. Hələ avrokubok mübarizəsindən qopmamışıq. Mübarizədən qopsaq belə, bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil”.

Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla