AZ

Elcan Hacıyev Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Elcan Hacıyev bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil edilmiş Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız turnir boyu Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqibləri üzərində parlaq qələbə qazanıb.

Qeyd edək ki, o, hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu – Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Elcan final görüşündə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu titulunu qazanıb.

Xatırladaq ki, Elcan Hacıyev daha əvvəl gənclər arasında Avropa çempionatında qızıl medal, dünya çempionatında isə iki bürünc medal qazanıb. Bundan əlavə, o, həm qran-pri, həm də “Böyük Dəbilqə” turnirlərin mükafatçısı olub.

Fərdi yarışların sonuncu günündə Azərbaycanın daha iki cüdoçusu qüvvəsini sınayıb. -90 kq çəkidəki digər təmsilçimiz Murad Fətiyev və -100 kq çəkidə Zelim Kotsoyev medal qazana bilməyiblər.

Bununla da Azərbaycan yığması Zaqrebdəki Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa vurub. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxmışdı. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olmuşdu.

Xatırladaq ki, Azərbaycan yığma komandası bu yarışda 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunub.

Sabah Avropa çempionatında komanda yarışları keçiriləcək. Azərbaycan yığmasının bu yarışda da medal qazanmaq şansı var.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla