AZ

Adil Şükürov və kapitanlar “ancaq qələbə” dedilər

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 32-ci turunda “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Kəpəz” sabah səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.

Qarşıdakı oyunda Gəncə klubu üçün alınacaq uyğun nəticə “Kəpəz”in Azərbaycan Premyer Liqasında qalmasını təmin edəcək.

Matçın əhəmiyyətini nəzərə alaraq, klubun mətbuat xidməti baş məşqçi Adil Şükürovla kapitanlardan açıqlama götürüb. Həmin açıqlamaları təqdim edirik:

Adil Şükürov: “Həqiqətən də qarşıdakı matç mövsümün oyunu ola biləcək bir qarşılaşmadır. Bizim üçün çox vacibdir ki, “Qəbələ”yə qarşı gücümüzü göstərək və üstünlüyümüzü möhkəmləndirək. Öz oyunumuzu fikirləşməliyik. Komandanın elitada qalacağını artıq tam olaraq rəsmiləşdirmək istəyirik. Amma bu da asan olmayacaq, bizi çətin görüş gözləyir. “Qəbələ” bu oyuna köklənib və sırf “Kəpəz”lə matçı gözləyirlər. Hər bir xal çox dəyərlidir, qızıla bərabərdir. Yəni biz ora bir xal üçün yox, üç xal üçün gedəcəyik. Həm öz oyunumuzu nümayiş etdirməliyik, həm də bizə lazım olan nəticəni qazanmalıyıq”.

Vurğun Hüseynov: “Fikrimiz çətin Qəbələ səfərindən yaxşı nəticə ilə qayıtmaqdır. Məşqlərimiz də bu yöndə olub, baş məşqçimizin tapşırıqlarını tam yerinə yetirməyə çalışmışıq. Çətin oyun olacaq. “Qəbələ” sonuncu pillədədir, arada böyük xal fərqimiz var, amma biz rahat deyilik, bu oyuna tam ciddi yanaşırıq. Səfərdə xal və ya xallar qazanacağımıza inanırıq. Onların az da olsa, elitada qalmaq şansları var. Biz bunu dərk edirik. Ona görə hazırlaşırıq. Çox maraqlı oyun olacağını düşünürəm. Onlar da, biz də istəkli olacağıq. Sevinən tərəf biz olmalıyıq”.

Yeqor Xvalko: “Prinsipcə, “Qəbələ” ilə bütün oyunlarımız mübarizəli alınır. Matçlarımız döyüşkən keçir. Bir oyunda 3:0 hesabıyla qalib gəlsək də, heç də asan olmamışdı. Qələbələri əziyyət çəkərək qazanmışıq. Qarşıdakı görüşə də ciddi hazırlaşmışıq. Bizə qələbə lazımdır. Premyer Liqada qalmağımızı rəsmiləşdirmək istəyirik. Əslində daha çox xal yığmaq əzmindəyik. Bizim 8-ci pilləyə yüksəlmək imkanımız da var. Turnir cədvəlində bizdən öndə olan “Araz Naxçıvan”ı keçə bilərik. Ona görə də qalib gəlməyə çalışacağıq”.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla