AZ

Erik ten Haq: “Gələn mövsüm 1-2-ci yerlər uğrunda yarışa bilərik”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasındakı yarış iddialarından danışıb.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hər kəs var olduqda, ilk dördlükdə yer almaq üçün mübarizə aparırıq. Transfer pəncərəsini uğurla keçsək, birinci və ya ikinci yer uğrunda mübarizə apara bilərik. Biz əsas mövqeləri gücləndirməliyik, həmçinin heyətə dərinlik qatmalıyıq”, deyə Ten Haq vurğulayıb.

Ten Haq “qırmızı şeytanlar”ın oyun üslubu barədə də söhbət açıb.

“Bu mövsüm hücum keçidlərində böyük irəliləyiş əldə etdik – o qədər qol vurduq. Birinci və ikinci mövsümlər arasındakı fərq nəhəngdir. Biz hücum oyun üslubumuzu inkişaf etdiririk”, deyə Ten Haq arzularını dilə gətirib:

Ten Haqın gələcəyə yönəlik açıqlamalarına baxmayaraq, “Mançester Yunayted”in baş məşqçisinin mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyi iddia olunur. Britaniya mətbuatının yazdığına görə, klub rəhbərliyi niderlandlı çalışdırıcı ilə yollarını ayırmağa hazırlaşır. Vurğulanır ki, Ten Haqın komandasının sərgilədiyi oyun “Mançester Yunayted”in yeni sahiblərinin ehtiyaclarına cavab vermir.

Hazırda Erik ten Haqın “qırmızı şeytanlar”ı İngiltərə Premyer Liqasının yarış cədvəlində 34 oyundan 54 xalla 6-cı pillədə qərarlaşıblar. “Mançester Yunayted” cari mövsümü çox uğursuz keçirib ki, bu da klub tarixinin ən pis antirekordları ilə əlamətdardır.

“Qırmızı şeytanlar” UEFA Çempionlar Liqasında mübarizələrini qrup mərhələsində qrup sonuncusu olaraq başa vurublar. İngiltərə Liqa Kubokunda da mübarizəsinə xitam vermiş “Mançester Yunayted” mövsümü xilas etmək üçün son ümidini əzəli rəqibi “Mançester Siti” ilə qarşılaşacağı İngiltərə Kubokunun finalına bağlayıb.

Erik ten Haq “Mançester Yunyated”i 2022-ci ilin iyulundan çalışdırır. Holland mütəxəssisin İngiltərə nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə Erik ten Haq “Mançester Yunayted”i 109 oyuna çıxarıb, 65 qələbə qazandırıb. Holland mütəxəssis 15 oyunda heç-heçə, 29 oyunda isə məğlubiyyətlə üzləşib, top fərqi isə 200:148 nisbətindədir. Ten Haq “Mançester Yunayted”ə 2022/2023 mövsümündə İngiltərə Liqa Kubokunu qazandırıb.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla