AZ

“Neftçi” azarkeşlərə müraciət etdi, müsbət cavab aldı, amma…

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə qeyri-sabit çıxışı ilə seçilən “Neftçi” azarkeşlərə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, paytaxt klubu Premyer Liqada qalan 5 görüşün vacib olduğu üçün fanatlarını tribunalara səsləyib:

“Əziz “Neftçi” azarkeşləri!

Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırkı vacib məqamda “Neftçi” adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi” ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!”

Xatırladaq ki, paytaxt klubunun əsas azarkeş qrupu sayılan “Forza Neftçi” xeyli müddətdir komandanın oyunlarını boykot edib və matçlarda iştirak etmirlər. Amma onlar mövsümün sonunda bu qərarlarını dəyişiblər və klubun müraciətinə müsbət cavab veriblər. Fanatlar Premyer Liqanın son 5 turunda komandaya dəstək verəcəklərini açıqlayıblar:

“Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib, son zamanlar baş verənlərin və “flaqman”ın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz – azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Sizlər də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz”.

Qeyd edək ki, “ağ-qaralar” Premyer Liqada keçirdikləri 31 oyundan sonra 47 xalla 5-ci pillədə qərarlaşıblar. Paytaxt klubu bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində “Turan Tovuz”u qəbul edəcək.

Seçilən
43
3
Mənbələr
Şərh ()
Bağla