AZ

Kristiano Ronaldo oynadı, “Əl-Nəsr” səfər qələbəsinə sevindi

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 29-cu turunda autsayder “Əl-Xalic”lə qarşılaşıb.

“Əl-Nəsr” səfərdə baş tutan bu oyundan 1:0 hesabı ilə qalib ayrılıb. “Nəcd cəngavərləri”nin yeganə qolunu oyunun 68-ci dəqiqəsində xorvat yarımmüdafiəçi Marselo Brozoviçin ötürməsi ilə ispaniyalı müdafiəçi Emerik Lyaport vurub.

Ronaldo bu oyunda əsas heyətdə meydana çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Əl-Nəsr” yarış cədvəlində 29 oyundan 71 xalla 2-ci pillədə qərarlaşıb. Səudiyyə Ərəbistanı Peşəkar Liqasına 28 oyundan 80 xalla “Əl-Hilal” başçılıq edir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 36 qol vurub, 12 məhsuldar verib.

Ronaldo 29 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi üzrə mütləq liderdir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
31
5
Mənbələr
Şərh ()
Bağla