AZ

Tanınmış vəkil “Carsharing” xidmətinin ölkəmizdə tətbiqindən danışdı - etibarnamə tələbi ləğv olunmalıdır  

 

Taksi fəaliyyəti ilə bağlı qəbul edilmiş son qərara əsasən 1 iyul 2024-cü ildən sonra yeni qaydalar qüvvəyə minəcək. Bu sahədə taksi sayında  azalmalar, qiymətlərdə artım olacağı gözlənilir.

Son vaxtlar bu boşluğun doldulurulması üçün Avropada yayılmış “carsharing” xidmətinin ölkəmizdə tətbiqi gündəmə gəlib.

Mobil tətbiq vasitəsi ilə sistemdə istədiyiniz avtomobili seçib, ona yaxınlaşıb, online qaydada pulunu ödəyib, dərhal saatla  icarəyə götürüb, istifadə edib sonra yaxın yerdə park edib, tətbiq vasitəsi ilə sonlandırırsan.

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, Avropada bu xidmətdən şəxsən istifadə edib və “carsharing” xidməti əslində, çox rahat xidmətdir:

"Yeni taksi qaydaları qüvvəyə mindikdən sonra çox sayda boş nəqliyyat vasitələri mövcud olacaq və onların bu xidmətə cəlb edilməsi mümkün olardı. Hətta bu xidmətin qiymətləri bizdə Avropa ölkələri ilə münasibətdə daha münasib olardı. Təəssüf ki, qanunvericilik hələki buna imkan vermir.

Belə ki, qanunvericilik nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edilməsini tələb edir.

“Carsharing” xidməti operativ olduğu üçün cəlbedicidir. Bir neçə saatlıq üçün etibarnamə alınması həm vaxt, həm də əlavə məsrəf itkisidir.

Etibarnamə olmadan (avtomaşın hüquqi şəxsə məxsusdursa burda yol vərəqəsi ilə əvəz olunur) nəqliyyat vasitəsinin idarə edilməsi isə inzibati məsuliyyətə səbəb olur.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş və  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin  etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olması qeyd edilib.

Konstitusiya Məhkəməsinin bu Qərarı dünya praktikası baxımından mühüm qərar idi və məhkəmə daha da dərinə gedib həmin normaları Konstitusiyaya uyğun olmayan hesab edə bilərdi, lakin bu vəziyyətdə belə bu ciddi irəliləyişdir.

Həmin qərarın qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq Milli Məclis nəqliyyat vasitələri ilə bağlı etibarnamə anlayışını aradan qaldırmır.

Dünyada nəqliyyat vasitələrinin etibarnamə əsasında idarə edilməsi praktikası keçmiş SSRİ-dən qalan qaydadır və çox az ölkələrdə qalmaqda davam edir. Bir qayda olaraq nəqliyyat vasitəsi ilə axtarış siyahısında deyilsə qəbul olunur ki, sizin sahibliyinizə  qanuni əsaslarla verilib.

Bu qaydaların tezliklə dəyişdirilməsinə inanmıram, onlar dəyişdirldiyi halda “carsharing” xidməti ölkəmizdə çox geniş yayılacaq.

 

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla