AZ

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

“Şərq-Qərb”

Tbilisi, 28 aprel, AZƏRTAC

“Şərq-Qərb” avtomagistralının (E 60) Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi davam etdirilir. Gürcüstanın Azərbaycan ilə sərhədindən başlayaraq Türkiyənin Sarp sərhəd keçid məntəqəsinə qədər davam edən hissəsində yeni yol istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bununla Tbilisidən Batumiyə gedən yolda hərəkət müddəti xeyli azalıb.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib ki, Şorapani –Arqveta yolunun istifadəyə verilməsi nəticəsində Tbilisidən avtomobillə Batumiyə 3 saat 30 dəqiqəyə getmək olacaq. Əvvəllər isə bu yolu 4 saat, 4 saat 30 dəqiqəyə getmək olurdu.

Qeyd olunub ki, Zestafoni dolama yolunun 9 kilometrlik Şorapani-Arqveta hissəsi Rikoti Keçidi magistral yolu layihəsi çərçivəsində açılıb. İndi 4 tunel və 11 körpüyə malik dolama yolu 6 dəqiqəyə qət etmək mümkün olacaq. Yolda təhlükəsizlik qaydaları beynəlxalq standartlara uyğun təmin olunub.

Məlumatda bildirilir ki, Rikoti Keçidi magistral yolunda tikinti –quraşdırma işlərinin 70 faizi artıq tamamlanıb. Layihənin ümumi dəyəri 2,6 milyard laridir (təxminən 1 milyard ABŞ dolları). Layihənin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir. Rikoti Keçidi magistral yolu 52 kilometrdir və yolda ümumilikdə 97 körpü və 51 tunel tikiləcək.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla