AZ

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

DIM-dən verilən xəbərə görə, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 19716 bakalavr ərizə təqdim edib.

İmtahanda həmçinin Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında ikili diplom proqramı çərçivəsində Cənubi Koreya Respublikasında təhsil alan 4-cü kurs tələbələri iştirak ediblər. Onlar imtahanı İNHA Universitetinin təqdim etdiyi zal və kompüterlərdən istifadə etməklə onlayn veriblər. İmtahanın keçirilməsi üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Aprelin 29-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

***

saat 07.16

Aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir. Respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil edilir.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri Azərbaycan bölməsi, 1296 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12454-ü cari ilin, 7262-si isə əvvəlki illərin məzunlarıdır, 45 nəfər xarici ölkə vətəndaşıdır. Bakıda 14573, Naxçıvanda 536, Gəncədə 1310, Sumqayıtda 1358, Abşeronda 964, Mingəçevirdə 581, Lənkəranda 394 bakalavrın imtahan verəcəyi gözlənilir.

Bu imtahanda 11 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Seçilən
90
13
Mənbələr
Şərh ()
Bağla