AZ

PSJ-ni çempionluqdan bir qələbə ayırır

Çərşənbə günü Fransa çempionatında 29-cu turdan təxirə salınan üç oyun keçirildi.

“Football-plus.az” xəbər verir ki, xatırladaq ki, ölkənin futbol qurumu avrokubokların həlledici mərhələlərində iştirakını nəzərə alaraq, PSJ, “Marsel” və “Lill”ə həmin turda dincəlmək imkanı yaratmışdı. Paytaxt klubu aşkar autsayder “Loryan”ı darmadağın etməklə çempionluğa bir addım da yaxınlaşdı. PSJ sona 4 tur qalmış ən yaxın izləyicisini 11 xal qabaqlayır. Luis Enrikenin komandasına tarixindəki 12-ci çempionluğu bayram etmək üçün son 4 oyunda bir qələbə və ya iki heç-heçə lazımdı. Liqa 1-də xalların bərabərliyi halında top fərqi əsas götürülür ki, bu göstəricidə də PSJ “Monako”dan çox üstündü.

Konkret bu oyuna gəlincə, son 5 oyunun dördündə qol vura bilməyən “Loryan”ın liderə müqavimət göstərəcəyini təsəvvür etmək çətin idi. Artıq ilk 22 dəqiqədə Dembele ilə Mbappe fərqləndi. İdeal formada olan Dembele saatın tamamında 3-cü qolu vurandan sonra oyunu bitirmək olardı. Amma yox, meydan sahibləri 73-cü dəqiqədə təsəlli qolunu vura bildi. Düşünmək olardı ki, oyun elə bu hesabla da bitəcək. Ancaq Kilian fərqli düşünürdü. “Real”a keçəcəyi heç kimdə şübhə doğurmayan ulduz lap sonda daha bir gözəl qol vurdu.

4 ay evdə qələbəyə həsrət qalan “Monako” “doğma divarlar” arasında keçirdiyi son iki oyunda özünə gəlib. Aprelin 7-də “Renn”i yeganə qolla məğlub edən “knyazlar” bu dəfə eyni aqibəti “Lill”ə yaşatdı. Bu oyun Çempionlar Liqasın vəsiqə baxımından da çox önəmli idi. “Monako” “şimallı itlər”in 6 oyunluq məğlubiyyətsiz seriyasına son qoya bildi. İlk yarının ortalarına qədər yetərincə yaxşı təsir bağışlayan “Lill” sonradan təşəbbüsü əldən verdi. Düzdü, qonaqlar 2-ci hissənin əvvəlində də önə çıxa bilərdi. 47-ci dəqiqədə Qudmundssonun baş zərbəsindən sonra top dirəkdən döndü. Futbolun yazılmayan “sən vurmasan, sənə vurarlar” prinsipi 62-ci dəqiqədə işə düşdü. Buaddidən ötürmə alan Fofana topu qapının küncünə göndərdi, Şevalye komandasını xilas edə bilmədi. Məğlubiyyətdən qurtula bilməyən “Lill” ÇL-ə vəsiqə şansını bir qədər çətinləşdirdi.

Çərşənbə günü iddialılardan “Marsel”lə “Nitsa” da qarşılaşdı – 2:2. Meydan sahiblərinin 45+1-ci dəqiqədə Mumbanyanın “qırmızı”sına görə azlıqda qaldığını nəzərə alsaq, heç-heçəni onlar üçün uğurlu nəticə saymaq olar. Hərçənd bu gedişlə “Marsel”in avrokuboklardan kənarda qalması heç kimi təəccübləndirməyəcək.

29-cu turdan təxirə salınan oyunlar
Loryan – PSJ 1:4
Bamba, 73 – Dembele, 19; 60. K.Mbappe, 22; 90. (16738)
PSJ: Donnarumma, Zaqe, L.Ernandes (Mukiele, 64), Şkrinyar, Mendeş (E.Mbappe, 73), Li Kan İn (Uqarte, 61), Mayulu (Soler, 61), Ruis, Dembele, Ramuş (Kolo Muani, 61), K.Mbappe.
Monako – Lill 1:0
Fofana, 62. (7069)
Monako: Mayetski, Vanderson, Maripan, Kerer, Diatta, Akliuş (Kulibali, 87), Zakariya, Fofana, Minamino, Baloqun (Embolo, 68), Ben Yedder (Kamara, 83).
Lill: Şevalye, Santuş, Yoro, Diakite, İsmaili, Andre (Buaddi, 57), Bentaleb, Qomes, Haraldsson (Jeqrova, 66), Qudmundsson (Yazıcı, 66), Devid (Kabella, 66).
Marsel – Nitsa 2:2
Klauss, 31. Obameyanq, 55-p. – Moffi, 13. Bar, 72. (58151)
Marsel: Lopes, Qarsiya, Jiqo, Balerdi, Kloss (Murilyo, 65), Veretu (Unai, 90), Kondoqbia (Onana, 90), Enrike (Ndiaye, 80), Arit (Geye, 65), Obameyanq, Mumbanya.
1. PSJ69, 2. Monako58... 4. Lill52, 5. Nitsa48... 8-9. Marsel, Lion41... 17. Loryan26...
Bombardir: K.Mbappe (PSJ)26.

Turun rəqəmi
25 – PSJ məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. Paytaxt klubu cari mövsümdəki yeganə məğlubiyyəti ötən il sentyabrın 15-də “Nitsa”dan alıb (2:3). Enrikenin komandası həmin gündən bəri keçirdiyi 25 çempionat oyununun 18-də qalib gəlib, 7-də heç-heçə edib.

Turun ulduzu
Kilian Mbappe (PSJ) – daha bir dublla cari mövsümdə qol sayını 26-ya çatdıran fransalı ulduz “böyük beşlik” ölkələrində bu göstəricidə yalnız “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyndən (33) geri qalır. Bütün turnirlərdə keçirdiyi 43-cü oyunda qol sayını 43-ə çatdıran Mbappe bu mənada şəxsi rekordunu da yeniləyib. O, 2020/21 mövsümündə 42 qolla yadda qalmışdı.

Turun sitatı
Aleksandr Mostovoy, rusiyalı futbol veteranı:
“Qolovin yaxşı mövsüm keçirdi. Yəqin ki, karyerasındakı ən yaxşı mövsümü. Amma görürsüz də, hər il zədə onu haqlayır. Bəlkə də zədələr Qolovinin Avropanın top-klublarına keçməsinə mane olur. Ancaq Saşanın karyerasının sonuna qədər “Monako”da qalmasında da problem görmürəm. “Monako” da səviyyəli klubdu”.


Fakt
Dembele ardıcıl 3-cü oyunda fərqləndi. “Loryan”la oyunda dubl edən Usman “Barselona” ilə ÇL qarşılaşmalarının hər birində rəqib qapısın yol tapmışdı. O, 2018-ci ildə “Barselona”nın formasını geyərkən 4 oyunluq qol seriyası yaxalamışdı.
Seçilən
90
Mənbələr
Şərh ()
Bağla