AZ

COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəkdir

Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində çox mühüm tarixi uğurlara imza atmaqla bütün dünyaya sabitlik adası kimi tanınıb, layiqli və etibarlı tərəfdaş ölkə imicinə sahib olub. Eyni zamanda bu illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə ev sahibliyi edib. Artıq ölkəmiz belə mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübə qazanıb.. Bütün bunlar nəzərə alınaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinə dair qərar qəbul edilmişdir. Bu ölkəmiz üçün növbəti böyük uğurdur. COP29-un ölkəmizdə keçirilməsi qərarının verilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir.

COP 29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. BMT tərəfindən təşkil edilən bu ekoloji tədbirin əsas məqsədi iqlim dəyişikliyinə beynəlxalq reaksiyanı artırmaq üçün diplomatları, dövlət və hökumət başçılarını, ekoloqları bir araya gətirməkdir.

COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyini ifadə edir. Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub.
Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıdıb. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük auditoriyanın diqqətinə çatdırılacaq. 
23 aprel 2024-cü il tarixində ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edərkən Prezident İlham Əliyev bildirib ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Artıq bu nüfuzlu tədbirə hazırlığın  fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Ölkəmizin işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib. COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı. Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Əlbəttə ki, iqlim məsələləri ilə bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir. Bu ortaq məsuliyyət ədalətli olmalı və əlbəttə ki, iqlim problemlərinə mənfi təsir açıq şəkildə müzakirə edilməlidir. Hesab edirik ki, bu əlaqələrə, həmçinin bir çox Avropa ölkələri ilə yaxşı əlaqələrə malik olmaqla biz koordinator və ya körpü rolunu oynaya bilərik. Eyni zamanda, neft və qazla zəngin olan ölkə kimi bu, bizə neft və qaz hasil edən ölkələrlə qarşılıqlı əlaqədə olmaq, neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmaq imkanını verir. Çünki Azərbaycan da daxil olmaqla, bu ölkələr ciddi addımlar atmalıdır. Biz bunu OPEC+ adlanan platformada artıq nümayiş etdirmişik. Burada hasilatın əlaqələndirilmiş azaldılması neft qiymətlərinin sabitləşməsinə gətirib çıxarmışdır. Biz neft və qaz hasil edən ölkələrin maliyyə töhfəsi üzrə əlaqələndirilmiş səylər göstərməliyik və bu, tamamilə obyektiv olacaq. Biz də bunu etməyə hazırıq. COP29 üçün sanki bir yenilik olan digər bir məsələ ondan ibarətdir ki, biz üçlük mexanizmini yaratdıq. Bu, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30–u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq üçün Azərbaycanın təşəbbüsü idi. Artıq nazirlərin görüşü baş tutub və bu, bizə planlaşdırmaya kömək edəcək. Çünki 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 bitəcək. Lakin proses davam etməlidir. Biz indi tədbirin hazırlanması və keçirilməsi üzrə Birləşmiş Ərəb Əmirliklərinin böyük təcrübəsindən yararlanırıq. Bu üçlükdə birlikdə olmaq bir sinerji, koordinasiya və proqnozlaşdırma yaradır.

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, eyni zamanda əsrin ortasına qədər 1990-cı illə müqayisədə Azərbaycan karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.  Artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi sualtı kabel vasitəsilə "yaşıl enerji"nin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihə işə düşdükdən sonra Azərbaycan Avropanın əsas "yaşıl enerji" təchizatçılarından birinə çevriləcək. 
Ümid edirik ki, Azərbaycan COP 29 tədbirində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. Bu tədbir ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə yanaşı, Azərbaycanın bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcəkdir.

M.Əliyev,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla