AZ

Hədəfdə yeni "44" var: Azərbaycana qarşı planın GİZLİNLƏRİ

Hədəfdə yeni "44" var: Azərbaycana qarşı planın GİZLİNLƏRİ

ABŞ Konqresinin üzvü, ermənipərəst və erməni lobbisinin sifarişlərinin icraçısı Dina Titus Azərbaycana qarşı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiyini bildirib. Onun sanksiya siyahısına 44 nəfəri daxil etməsi xüsusi diqqət çəkib və Ordumuzun tarixi Zəfəri ilə bitən 44 günlük müharibəyə eyham olduğu deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq deputat, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, ABŞ Konqresində erməni qrupu var:

"Erməni lobbisi tərəfindən maliyyə, siyasi və digər sahələrdə dəstək verilir. Bu qrupun prioriteti anti-Azərbaycan, anti-Türkiyə siyasəti aparmaqdır. Onlar daha çox Ermənistanın vəkili kimi fəaliyyət göstərirlər".

Sabiq deputatın fikrincə, ABŞ konqresmenləri zaman-zaman ölkəmizə qarşı belə qətnamə layihələri irəli sürüb:

"1992-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə qarşı 907 nömrəli akt qəbul edildi. Halbuki o vaxtlar bizim torpaqlarımız Ermənistan tərəfindən işğal olunmuşdu. Buna baxmayaraq ermənilərin maraqları Azərbaycana qarşı belə aktın qəbul edilməsinə səbəb oldu. Bununla da ölkəmizə yardımı dayandırdılar. Uzun müddətdən sonra aktın mənasızlığı meydana çıxdı və qüvvədən düşdü, lakin 3 ildir, bu akt yenidən qüvvədədir".

Əliməmməd Nuriyev qeyd edir ki, ABŞ Konqresinin 3 senatorunun hazırladığı siyahıda azərbaycanlılardan ibarət şəxslərə sanksiyanın tətbiq olunması nəzərdə tutulub:

"Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Sanksiyalara səbəb kimi də bunu göstərirlər. Belə qərarın qəbul olunması Cənubi Qafqazda sülh prosesinə mane olar. Hətta yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq. Həmin deputatların dünyada baş verən soyqırımlara cavabsız qalmasının səbəbi nədir bəs?"

Sabiq deputatın sözlərinə görə, bu qətnamənin qəbul olunması ABŞ-ın dövlət maraqlarına da ciddi təsir edəcək.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla