AZ

“Örnək müəllim” sertifikasiyadan kəsilənlərə müraciət etdi: “Təslim olmayın”

Ötən il Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təşkil olunmuş sertifikasiyadan 674 müəllim  qeyri-məqbul bal toplayıb. Bu il isə həmin müəllimlər yenidən imtahana cəlb olunacaqlar. 

 

Bəs, görəsən, yüksək bal toplayan müəllimlər öz həmkarlarına imtahanla bağlı nələri demək istəyirlər?

 

“Sertifikasiyadan qeyri-məqbul balı, qətiyyən, həmin müəllimlərin hamısının öz ixtisaslarını zəif bilməsi faktı kimi qəbul etmirəm”.

 

Bu sözləri Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanından maksimum bal toplamış “Örnək müəllim” Kəminə Zalova AzEdu.az-a danışarkən bildirib. 

 

“Mənə görə yaxşı müəllim olmaq ,sadəcə, şagirdlərə akademik bilik vermək deyil. Həmçinin onlarda həyati bacarıqlar formalaşdırmaq, sərbəst ünsiyyət qabiliyyəti yaratmaq, mənəvi zənginliyə alışdırmaq, bir sözlə, onları həyata hazırlamaqdır. Təbii ki, başqasına, xüsusilə, təhsilalana bu xüsusiyyətləri ötürmək əvvəlcə təhsilverənin özündə sözügedən keyfiyyətlərin olmasını tələb edir.

 

Şagirdə rol-model olmağın ən yaxşı nümunələrindən biri də imtahanlarda iştirak etməkdir. Düşünürəm ki,sertifikasiya imtahanı bu baxımdan bir fürsət kimi dəyərləndirilməlidir.

 

Bəli, təəssüflə qeyd olunmalıdır ki, indiyədək keçirilən imtahanlarda müxtəlif ixtisaslar üzrə qeyri-məqbul bal toplayan müəllimlərimiz də oldu. Xüsusilə, mənim tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənni üzrə 674 müəllimin yetərli bal toplaya bilməməsini narahatlıq hissi ilə qeyd etmək istərdim. Mən  bu nəticəni ,qətiyyən, həmin müəllimlərin hamısının öz ixtisaslarını zəif bilməsi faktı kimi qəbul etmirəm.Təbii ki, burada həyəcan,imtahanın gedişindəki təcrübəsizlik və digər faktorlar da ola bilər, lakin nə olursa, olsun müəllim təslim olmamalıdır. Bu uğursuzluğu son məğlubiyyət kimi qəbul etməməlidir. Unutmaq olmaz ki,səhvlər daha çox çalışaraq daha böyük uğurlara çatmaq üçün tramplindir”. 

 

“Mən inanıram ki, mənim həmkarlarım verilən fürsəti düzgün dəyərləndirməyi bacaracaqlar”,-deyə müsahibimiz vurğulayıb:

 

“Bir qədər metodika sualları ilə bağlı da fikirlərimi bölüşmək istəyirəm. İmtahan suallarından cəmi 10-nu təşkil edən metodika-kurikulumla bağlı tapşırıqlar müəllimin pedaqoji səriştəsini ölçməyə xidmət edir. Bunun üçün həmkarlarıma tövsiyə edərdim ki,nəzəri məsələləri əzbərləməkdən çox, gündəlik dərs prosesində tətbiqə fokuslansınlar. Bu zaman prosesi anlamaq daha rahat olacaq. İnanıram ki, bu nüanslara diqqət etsələr, növbəti dəfə cəlb olunacaqları sertifikasiya imtahanından yüksək nəticələrlə çıxacaqlar”. 

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla