AZ

“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”

“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Emin İmanovun futbolinfo.az saytına müsahibəsi

– Azərbaycanda “Qalatasaray”ın rəsmi idman akademiyasının fəaliyyətə başlaması ilə əlaqədar Bakıya gəlmişdiniz. Səfərlə bağlı təəssüratlarınız necədir?

– Təəssüratlarım çox yaxşıdır, artıq Türkiyəyə dönmüşəm. “Qalatasaray” klubu olaraq Azərbaycanda fəaliyyət dairəmizi genişləndirmək istəyirik. Rəsmi idman akademiyasının fəaliyyətə başlaması da bunun sübutudur. Əvvəl “Qalatasaray”ın futbol, voleybol, basketbol və üzgüçülük məktəbləri var idi. Bu məktəbləri “Qalatasaray” idman məktəbi adı altında birləşdirməyə qərar verdik. Bu layihəni Türkiyədə başlatdıq. Türkiyədən kənarda isə ilk olaraq Şimali Kiprdə həyata keçirdik. İndi də Azərbaycanda eyni layihəni icra edirik. Bilirsiniz ki, “Qalatasaray” tək futbol klubu yox, bir idman klubudur. Bu mənada, Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik.

– Bu layihənin Azərbaycanda da icra edilməsində “Qarabağ” klubunun rolu varmı?

– “Qalatasaray” və “Qarabağ” klubları qardaş klublardır. Amma bu proyektdə “Qarabağ”ın rolu yoxdur.

– Ötən ilin mart ayında “Qarabağ” və “Qalatasaray” arasında Bakıda yoldaşlıq oyunu keçirilmişdi. Əməkdaşlıq çərçivəsində başqa hansısa planlar var?

– “Qalatasaray” klubunun İdarə Heyətinin üzvü olaraq, iki xəyalım var idi. Biri illərdir avrokuboklarda inamlı çıxış edən “Qarabağ”la yoldaşlıq oyununun keçirilməsi idi. Keçən il bunu reallaşdırdıq. İkincisi, SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) “Qalatasaray” klubunun sponsoru olması idi. Buna da nail olduq. Bilirsiniz ki, razılaşmaya əsasən, “Qalatasaray”ın bütün avrokubok oyunlarında formalarının sinəsində SOCAR-ın adı yer alır. Növbəti planlara gəlincə, “Qarabağ”la əməkdaşlığı daha da gücləndirmək istəyirik. Azərbaycanda “Qalatasaray” azarkeşləri çoxdur. Buna görə də Bakıda “Qalatasaray”ın rəsmi fan-şopunu açmağı planlaşdırırıq. Yayda bu istəyimizi də həyata keçirəcəyik. Digər planımız isə “Qarabağ”la “Qalatasaray” arasında daha bir yoldaşlıq matçının baş tutmasıdır. Hələlik tarixi və yeri dəqiqləşməyib. Bu, komandaların qrafiklərindən asılıdır. “Qalatasaray”ın baş məşqçisi Okan Buruk da “Qarabağ”la növbəti yoldaşlıq matçının keçirilməsini istəyir. Hazırda “Qarabağ”la bu barədə danışıqlar gedir.

– Bir ara “Qarabağ”ın futbolçusu Toral Bayramovun adı “Qalatasaray”la birgə hallanırdı. Onun və ya hər hansı bir futbolçumuzun yaxın gələcəkdə “cim-bom”a keçidi nə dərəcədə inandırıcı görünür?

– Şəxsən mən də azərbaycanlı futbolçuların “Qalatasaray”da oynamasını çox istərdim. Amma buna komandanın baş məşqçisi Okan Buruk qərar verir. Bilirsiniz ki, Türkiyədə hər klubda türkdilli ölkələrdən 1 futbolçu legioner sayılmır, yerli oyunçu statusunda çıxış edir. Amma bu dəqiqə hər hansı bir azərbaycanlı futbolçunun “Qalatasaray”a keçidi ilə bağlı söhbət yoxdur.

– Azərbaycanlı futbolçular arasında kimin və ya kimlərin “Qalatasaray”da oynayacaq gücdə olduğunu düşünürsünüz?

– Mütləq ki, Azərbaycanda “Qalatasaray”da oynaya biləcək gücdə futbolçular var. Amma buna Okan hoca qərar verir.

– Son olaraq özünüz haqda soruşmaq istərdik. Necə oldu ki, azərbaycanlı Emin İmanov “Qalatasaray”ın İdarə Heyətinin üzvünə çevrildi?

– Allahın qismətidir. Mən uşaqlıqdan “Qalatasaray” tərəfdarıyam. 3 il əvvəl “Qalatasaray”ın İş Adamları Dərnəyinə üzv oldum. Bundan sonra “Qalatasaray”ın prezidenti Dursun Özbək məni klubun İdarə Heyətinin üzvü olmağa layiq bildi. Beləcə xəyallarım gerçəkləşdi.

AĞA

Seçilən
70
11
Mənbələr
Şərh ()
Bağla