AZ

İsveçin odla oynaması – Stokholmun işi düzəlib, yenə Qurana hücuma izn verir

 

Deyəsən, İsveç hökuməti bu işi avtopilota qoyub: Stokholmda müsəlmanların müqəddəs kitabı Quranın yandırılması davam edir.

Bu dəfə bu əməli tutan Ceyd Sandberq adlı qadındır. Onun ictimai fəal olduğu deyilir. Qadının fəallığı nədə təzahür olunur, təfərrüatlı bilgi yoxdur, amma Quranı yandırması ilə artıq dünya şöhrəti qazanıb. Sadəcə, onun qazandığı ad-san mənfi səciyyəlidir.

Vandalizm aktı, eyni zamanda ölkədə ictimai-siyasi planda qarşıdurma yarada biləcək bu əməl yenə də İsveç hökumətinin rüsxəti və polis qüvvələrinin nəzarəti altına həyata keçirilib.

662e0d2e6e2fd662e0d2e6e2fe1714294062662e0d2e6e2f8662e0d2e6e2fa.jpeg

Hökumət icazə verməsə, Sandberq bu işə qol qoymazdı. Hətta hökumət icazə versə, amma polis onun mühafizəsini təşkil etməsə, ictimai fəal yenə də bu riskə getməzdi. Getsəydi, uerli islamçılar tərəfindən sərt reaksiya görərdi.

Ancaq durum belədir ki, İsveç hökuməti belə bir təxribata həm icazə verir, həm də buna etiraz edən müsəlmanların kitabyandırma aktına mane olmasının qarşısını alır. NATO-ya üzv olmaq üçün işinin Türkiyədən keçdiyi vaxtlarda rəsmi Stokholm belə təxribatlara icazə vermirdi. İndi işləri düzəlib deyə yenə başlayıblar.

Bu ilk dəfə deyil. Sandberqdən əvvəl bu işi Salvan Momika adlı bir İraq süryanisi edirdi. Momika bu hərəkəti bir neçə dəfə etmiş, hər dəfə ölkədə ictimai-siyasi gərginliyə, eləcə də İsveçlə Türkiyənin, İranla İsveçin arasında diplomatic gərginliyə səbəb olmuşdu.

İsveç hökuməti bu təxribatçının qarşısını “insanların öz fikirlərini sərbəst ifadə etmək hüququ” altında almırdı. İraqlı qaçqının əsl məqsədi isə bu yolla özünə qaçqın statusu almaq, İraq deportasiya edilməkdən xilas olmaq idi.

O, Quranı yandırmaq yolu ilə qismən öz məqsədinə nail oldu. Momikanı İraqa qaytarmadılar, çünki etdiyi hərəkətlərə görə onu vətənində ya edam cəzası, ya da uzunmüddətli həbs gözləyirdi. Ancaq İsveç hökuməti bu adamı öz ərazisində barındırmadı və o, Norveçə köçməli oldu.

9B57F9C6-D396-4C2D-A7BF-2FBE39DBD5B6jpeg-1712029882.jpeg

Bu ayın əvvəlində isə Salvan Momikanın Norveçdə ölü vəziyyətdə tapıldığı iddia olundu, ancaq bu ciddi informasiya və gerçək fakt kimi qəbul edilmir. Norveç polisi də xəbəri təkzib etdi. Böyük ehtimalla adam özü dini fakatiklərin təqibindən qurtulmaq üçün özü haqqında belə xəbərlər yaydırıb ki, onu “öldü” bilib axtarmasınlar. Yəqin ki, Momika sağdırsa, özünü tanınmaz hala qoyacaq, izini itirəcək.

S.Momikadan fərqli olaraq Ceyd Sandberqin Quranı yandırmaqla nəyə nail olmaq istədiyi hələ bilinmir. Sual budur: Bu, hansı zərurətdən doğur?

Ancaq nə İsveç, nə də adları çəkilən islamofoblar bu tək deyillər. Onlardan öncə Danimarka və Hollandiyada da Qurana hücum edənlər olub. Bunlar Rasmus Paludan, Edvin Vaqensveld, Hanne Kronborq, Lars Feylad, Karin Yorgnsen, Byern Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Filipp Beyc, Con Lideking Andersendir. Onlar da müxtəlif vaxtlarda Quranı yamdırıb, yaxud ona qarşı həqarətə yol veriblər.

resize-1674381365.jpg

Danimarkanın ifrat sağçı “Stram Kurs” partiyasının lideri Rasmus Paludan Quranı yandırarkən İngiltərənin “Daily Mail” qəzeti onun törətdiyi nifrət və irqçilik cinayətlərini araşdırmış və ortaya çıxarmışdı ki, 41 yaşlı R.Paludan son bir neçə ildə Şimali Avropada anti-İslam siyasətinin mərkəzi fiqurlarından biri olub və öz ekstremist açıqlama və hərəkətləri ilə Danimarka və İsveçdə zorakılıq dalğasının kükrəməsinə səbəb olub.

Həm də İsveç vətəndaşı olan Paludan bütün müsəlmanların Danimarkadan deportasiyasını istəyir və bu məqsədlə çağırışlar edir. 2019-cu ildə ona "irqçilik" ittihamı ilə həbs cəzası verilib, ancaq həbs cəzası təxirə salınıb.

Bu adamlar irqçidirlər, nasistdirlər, millətlərarası münasibətləri qızışdırır, dinlərarası ədavəti körükləyirlər. Onların məqsədi heç də öz ölkələrinin “yadelli işğalı”na məruz qalmasını önləmək deyil, sadəcə, bulanıq suda balıq tutmaq istəyirlər.

Quranın yandırılması ilə müsəlmanlar dinlərindən dönən deyil, əksinə, öz kitablarına daha çox sarılacaq, ona həqarət edənlərə daha çox nifrət edəcəklər.

Tendensiya göstərir ki, hər dəfə bu cür hadisədən sonra Avropada yaşayan müsəlmanlar törədilmiş əmələ daha dözümlü yanaşırlar, yandırılan kitabın milyonlarla Quran nüsxəsindən biri, Quran cümlələri yazılmış kağız parçaları olduğunu düşünürlər. Lap əvvəllərdə isə bu hərəkət görünməmiş ajiotaja səbəb olurdu. Bəzi fanatiklərə elə gəlirdi ki, artıq dünyanın sonundur, Yer üzü Allahın qəzəbinə gələcək, toplaşaraq Quranı yandıranların cavabını ağır şəkildə vermək lazımdır.

Əslində isə təxribatçılar məhz bu lazımdır. Onlar Quranı yandırmaqla avropalı müsəlmanları kütləvi zorakılıq hərəkətlərinə, itaətsizliyə, vandalizmə sövq etmək istəyirlər ki, müsəlman və xristian konfessiyalarının iç-içə yaşamasının mümjün olmadığını “sübut etsinlər”, müsəlmanları deportasiya etməyə və ya onlara oturum icazəsi verməməyə bəhanə yaransın.

Ona görə də Avropadakı müsəlman icmalarının liderləri təmkinli və tədbirli olmalıdırlar. Belə hərəkətlər davamlı olacaq. Ceyd Sandberq vəd edib ki, mayın 3-də Malmödə oxşar tədbir keçirməyi planlaşdırır.

Ən pisi odur ki, Avropanın insan haqları təşkilatları, demokratik təsisatları bu məsələyə dözümlü, hətta biganə yanaşırlar, müsəlmanların dini heysiyyətinin təhqir olunmasını ciddiyə almırlar. Ancaq vay o günə ki, hansısa ölkədə LGBT-nin göy qurşağına oxşayan bayrağını yandıralar, görünməmiş vay-nöfsə qopur.

Hər necə olursa-olsun, istənilən kitabı alışdırıcı maddələrlə isladıb yandırmaq odla oynamaqdır – sözün hər iki mənasında. Ağıllı adamlar bundan çəkinməlidirlər.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla