AZ

Kaxanın xilasedici jileti

"Qəbələ" 24-cü turdan məşqçi dəyişikliyinə getdi. Bu zamanlama və forma baxımından SOS xarakterli qərar sayıla bilərdi.

Klub böhrandan təcili çıxış üçün ani qərarlar verməliydi və bu tip situasiyalarda risk etmək gərək olur. Elmar Baxşıyev köhnə-yeni tanışlar - Kaxaber Sxadadze ilə əvəzləndi.

Riskin özünü doğrultmadığı "Kəpəz"ə məğlubiyyətlə (0:1) rəsmiləşdi. İndi "Qəbələ" intizarla AFFA İcraiyyə Komitəsinin qərarını gözləyir.

Az da olsa ehtimal var ki, bölgə təmsilçisi Premyer Liqada saxlanar.

Qərar mayın ilk yarısında bilinəcək. Sonadək isə bir kiçik detala da nəzər yetirək.

Kaxa sonuncu pillənin rəsmiləşdiyi dünənki oyundan sonra deyib ki, ən çox öz imicinə zərbə vurub.

Yaxşı, klub öz strategiyasını müəyyənləşdirməlidir - burda tam haqlı və peşəkar mövqe varkən, özünüifadə məsələsində problemli sayılmayan "bico" niyə bunca dramatizmin içində şəxsi imicinin qayğısına qaldığını büruzə verir...

Auditoriyamızın dərin olmadığını düşünür?

Fikrimcə, Kaxa burda yanılıb, fikir assimlyasiyasına uğrayıb. Bütün məğlubiyyətlərdə komandanın tapşırıqları yerinə yetirə bilməməsini qabartmaq bir baş məşqçi üçün ciddi detal sayıla bilməz. Amma sevimli Kaxa bunu inadla hər tur edirdi. Yekunda da öz imicinin təəssübkeşliyini qabartdı.

Sanki batan gəminin kapitanı xilasedici jiletini də geyinib gəmini hamıdan qabaq tərk etdi...

Kaxaber Sxadadzenin "Qəbələ"dəki nəticə afişası:

Qəbələ - Qarabağ 0:4
Qəbələ - Səbail 2:3
Sabah - Qəbələ 2:1
Araz-Naxçıvan - Qəbələ 1:1
Qəbələ - Neftçi 0:1
Zirə - Qəbələ 2:1 (Kubok)
Zirə - Qəbələ 4:0
Qəbələ - Turan Tovuz 1:2
Qarabağ - Qəbələ 2:2
Qəbələ - Zirə 0:2 (Kubok)
Qəbələ - Kəpəz 0:1.

Elçin Cəlilov
Seçilən
13
Mənbələr
Şərh ()
Bağla