AZ

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

“Sabah” klubunun yarımmüdafiəçisi Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 32-ci turunda “Səbail” üzərində vacib qələbə (2:0) qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

– Dediyiniz kimi, hər iki komanda üçün vacib oyun idi. “Səbail”ə son matçımızda uduzmuşduq. Budəfəki görüşün də çətin keçəcəyini bilirdik. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Biz fürsətlərdən daha yaxşı yararlandıq. İlk hissədə vurduğumuz qollar bizə 3 xal qazandırdı. Vacib qələbə idi. Qalib gəldiyimizə görə şadam. Artıq bu matçı unudub qarşıdakı oyunlarımıza köklənməliyik.

– Meydana 72-ci dəqiqədə daxil oldunuz. İlk “11-lik”də yer almamağınızın səbəbi nə idi?

– Səhhətimdə bir qədər problem yarandığına görə, həftə ərzində bir neçə məşqçi buraxmışdım. Buna görə əsas heyətdə yer almayacağım gözlənilən idi. Əsas olan kimin neçə dəqiqə oynaması yox, komandanın qalib gəlməsidir.

– “Qarabağ” və “Kəpəz”dən sonra “Səbail”lə oyunda da qalibiyyət sevinci yaşadınız. Son 3 matçdakı uğurlu çıxışınız nə ilə bağlıdır?

– Komanda olaraq özümüzə inanırıq. Meydana çıxanda yalnız qələbə barədə düşünürük. Çalışırıq ki, oyunlarımıza maksimum konsentrasiya olaq. Əlbəttə, həftə ərzində yaxşı hazırlıq keçməyimiz və məşqçilərin tapşırıqları uğurun əsasını təşkil edir.

– Baş məşqçiniz Krunoslav Renduliç öz oyun fəlsəfəsini tam olaraq komandaya aşılaya bilib, yoxsa ona bir qədər də zaman lazım olduğunu düşünürsünüz?

– İstənilən məşqçiyə öz işini tam göstərməsi üçün vaxt lazımdır. Renduliç komandaya inanır. Hər oyunda daha da artırmağımız üçün əlindən gələni edir. İnanıram ki, onunla hədəflərimizə çatacağıq.

– Növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Qələbə seriyasını bu görüşdə də davam etdirmək mümkün olacaq?

– Bütün oyunlarımıza qələbə üçün çıxırıq. Çempionatın sonuna yaxınlaşdıqca hər matçın əhəmiyyəti daha da artır. Çətin oyun olacaq. Azarkeşlərimizi 3 xalla sevindirməyə çalışacağıq.

– “Sabah” ötənilki uğurunu təkrarlaya, yenə mövsümü ikinci yerdə bitirə biləcək?

– Əlbəttə, komandanın bu potensialı var və buna nail ola biləcəyimizə inanıram. Amma indi turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik.

CAVAD

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla