AZ

“Bu səfər ikili münasibətlərin daha yüksək səviyyəyə çatmasına kömək edəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyaya səfəri ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək. Əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycanın dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək səviyyəli Seqmentində iştirakı təkcə Almaniya ilə Azərbaycan arasındakı münasibətlər baxımından deyil, eyni zamanda Avropa İttifaqı və Cənubi Qafqaz arasındakı gələcək əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində böyük potensiala malikdir. Hər kəsə məlumdur ki, Azərbaycan COP29-a qədərki dövrdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verib vəCOP29-dan sonrakı dövrlərdə də öz töhfəsini verməyə davam edəcək.

Noyabr ayında ölkəmizdə təşkil olunan COP29-un keçirilməsində Almaniyanın da dəstəyi danılmazdır.

Bundan başqa, Fransadan fərqli olaraq AlmaniyanınCənubi Qafqazda sülhün bərqərar olunmasındakı dəstəyinin açıq şəkildə şahidi oluruq. Bu prosesdə atılan hər bir addım bizim üçün çox dəyərlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Almaniya Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı öz mövqeyini ortaya qoyur. Qarabağ məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində həlli məsələsində Almaniya mühim rol oynayır. Almaniya həm NATO, həm də Avropa Birliyinin üzvü kimi son zamanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayır. Güman edirəm ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, Qarabağ probleminin ədalətli, beynəlxaq hüquq çərçivəsində həllinə töhfələrini verəcək”.

Deputat bildirib ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir: “Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycan-Almaniya münasibətlərinin uzunmüddətli tarixi var və bu tarixi köklərə söykənən dostluq münasibətləri son görüşdən sonra da yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaradacaq”.

Ləman Sərraf

Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq