AZ

“Göztəpə” yenidən Super Liqada

İzmirin “Göztəpə” komandası iki mövsümlük fasilədən sonra yenidən Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Arena.az xəbər verir ki, son iki mövsümdə TFF Birinci Liqada mübarizə aparan bu komanda cari mövsümün yekunlarına Super Liqaya vəsiqə qazanıb.

Bolqarıstandan olan Stanimir Stoilovun çalışdırdığı İzmir təmsilçisi ötən gün Birinci Liqanın 31-ci turu çərçivəsində doğma meydanda Ankaranın “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub edib. İzmirlilər məhz bu qələbədən sonra Birinci Liqanın turnir cədvəlində 2-ci pilləni və Super Liqaya vəsiqəni təmin ediblər. Bu komanda hazırda 66 xal toplayıb və sona 2 tur qalmış 3-cü pillədəki “Sakaryaspor”u 9 xal qabaqlayır.

Xatırladaq ki, daha öncə lider “Eyüpspor” komandası Super Liqaya vəsiqə qazanmışdı. Arda Turanın çalışdırdığı bu komanda 72 xalla zirvədə qərarlaşıb. Yeri gəlmişkən, “Eyüpspor”un da çempionluğu artıq rəsmiləşib.

Türkiyə Super Liqasına digər vəsiqə Birinci Liqada 3-7-ci yerləri tutacaq komandalar arasındakı pley-off görüşlərindən sonra müəyyənləşəcək. Hazırda “Sakaryaspor” 57 xalla 3-cü, “Çorum” 55 xalla 4-cü, eyni xal toplamış “Kocaelispor” 5-ci, 53 xalı olan “Bodrumspor” 6-cı, 50 xallı “Boluspor” isə 7-cu pillədə qərarlaşıb.

Yeri gəlmişkən, “Kocaelispor”da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev forma geyinir. Millimizin digər üzvü Vüsal İsgəndərli isə “Boluspor”da çıxış edir.

Xatırladaq ki, Super Liqanı tərk etmiş komandalardan da biri artıq məlumdur. Bu, 34 oyuna 16 xal toplamış və sonuncu pillədə qərarlaşmış “İstanbulspor”dur.

Xatırladaq ki, son illərdə Türkiyənin ən böyük şəhərlərindən biri, İzmirin Super Liqada komandası yox idi. “Göztəpə” yenidən elitaya qayıtmaqla bu boşluğu da aradan qaldırmış olub.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla