AZ

Robert Levandovski: “2020-ci ildə “Qızıl top”u almaq istəyirdim”

“Barselona”nın hücumçusu Robert Levandovski 2020-ci və 2021-ci illərdə “Bayern”də oynayarkən malik olduğu idmani vəziyyətini qiymətləndirib.

Arena.az polyak mərkəz hücumçusunun bu barədə fikirlərini təqdim edir:

“2020-ci və 2021-ci illər karyeramın ən yaxşı illəri olub. Bu yaxınlarda bir dostum mənə statistika göndərdi: 85 oyunda 100 qol vurmuşan. Əlbəttə ki, nə vaxtsa “Qızıl top”u qazanmaq istərdim. Məsələ, bu mükafata sahib olmadığım üçün qəzəblənməyim və ya qıcıqlanmağımda deyil. Amma hiss edirəm ki, bu illərdən birində onu almaq növbəsi mənə çatacaq.

2021-ci ilin “Qızıl top”u Lionel Messiyə məxsusdur. Bu mükafatın 2020-ci ildən sonra veriləcəyi ilə bağlı şayiələr olduğunu eşitdim. Bunu belə deyək: 4 il sonra “Qızıl top” 2020-ni alsaydım, inciməzdim. Bu, böyük şərəf olardı, mən bu mükafatı qəbul edərdim”, deyə Levandovski bildirib.

Xatırladaq ki, 2020-ci ilin sonunda “Qızıl top”un təqdimatı futbol mövsümünə təsir etmiş koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha bir il artırılmaq şərti ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 43 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya klubundakı karyerası bütövlükdə 89 oyun, 53 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 148 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq