AZ

Azərbaycan çempionu: “Yenidən bunu etmək asan olmayacaq”

“Əgər federasiya məni buna layiq görürsə, buna hazıram”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan şahmat üzrə son Azərbaycan çempionatının qalibi Aydın Süleymanlı deyib.

19 yaşlı qrossmeyster bildirib ki, artıq milli komandada çıxış edəcəyi günlərə köklənib: “Özümü yığmada oynamağa və böyük turnirlərdə iştirak etməyə hazır hiss edirəm. Sentyabrda Macarıstanın paytaxtı Budapeştdə Olimpiada keçiriləcək. Hazırda məqsədim o turnirdə iştirak etməkdir”.

Süleymanlı gənc şahmatçıların bugünkü qrossmeysterlərin uğurunu təkrarlayacağına inam ifadə edib: “Əslində o qədər də asan olmayacaq. Amma əminəm ki, bizdən əvvəlki komanda kimi olmağa çalışaqlar. Çünki elə bir millini yenidən yaratmaq çox çətindir. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Haşımov “üçlüy”ünün də reytinq xalı 2750-dən çox olub. Azərbaycan da əhali sayına görə elə də böyük deyil. Bu baxımdan belə ölkədən 3 nəfərin 2750-dən yuxarı xalının olması fantastik nəticədir. Yenidən belə bir şey etmək o qədər də asan olmayacaq. Amma yenə də gələcək üçün ümidliyəm. Məncə, hər bir gənc öz öhdəsinə düşəni etsə, bu, yaxşı rəqabət yaradacaq. Reytinq xalımı 2700-ə çatdırsam, əminəm ki, digər gənc şahmatçılar da mənə baxıb motivasiya alacaq. Necə ki, mən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbova baxıb bunu edirəm”.

Qeyd edək ki, Süleymanlı Azərbaycan çempionatının final görüşündə Məhəmməd Muradlıya qalib gəlib.

Emin Ağa
İdman.biz

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq