AZ

Mikel Arteta: “Çempion olmaq istəyirik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 2023/2024 mövsümündəki qənimət yarışından danışıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu liqada hər mövsümdə, hər oyunda öz səviyyəndə çıxış etməlisən. Amma bu, çox çətindir. İki il dalbadal çempionluq uğrunda mübarizə aparsaq da, bununla kifayətlənmirik. Biz çempionluğu qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Qalib gəlsək, bunu yenidən etməyə çalışacağıq. Əgər alınmasa, təbii ki, yenidən cəhd edəcəyik”, deyə Mikel Arteta vurğulayıb.

Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin vahid lideridir. Komanda 35 oyunda 24 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Topçular”ın hesabında 80 xal var. Amma London təmsilçisinin çempionluğu heç də öz əlində deyil. Məsələ burasındadır ki, “Arsenal”ın əsas izləyicisi, ötən mövsümün qalibi olmuş “Mançester Siti” 79 xalla potensial lider statusundadır. “Şəhərlilər”in ehtiyatda təxirə salınmış bir oyunu da var.

“Arsenal”ı qalan turlarda “Bornmut” və “Everton”la ev, “Mançester Yunayted”lə səfər oyunları gözləyir. “Mançester Siti”nin isə “Vulverhempton” və “Vest Hem”lə ev, “Fulhem” və “Tottenhem”lə səfər oyunları qalır.

Sonda onu da xatırladaq ki, “Arsenal” sonuncu dəfə 2003/2004 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. London təmsilçisi tarixi ərzində bütövlükdə 13 dəfə (1930/31, 1932/33, 1933/34, 1934/35, 1937/38, 1947/48, 1952/53, 1970/71, 1988/89, 1990/91, 1997/98, 2001/02, 2003/04) İngiltərənin ən güclüsü olub.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla