AZ

Musa ona şans verilməməsinin səbəbini bilmir

“Yurqorden”in hücumçusu Musa Qurbanlının karyerasının ciddi təhlükə altında olduğunu yazmışdıq.

Xatırladaq ki, gənc futbolçuya İsveç çempionatında şans verilmir. Cari mövsümün ilk 4 turu geridə qalsa da, hücumçu yalnız ilk matçın 70-ci dəqiqəsində meydana buraxılıb. Halbuki ötən il onun tezliklə İsveç mühitinə və meydanına uyğunlaşaraq xarüqələr yaradacağı haqda xəbərlər tirajlanırdı.
Durumun bu həddə çatması isveçli həmkarlarımızın da gözündən qaçmayıb. Dəqiqi, “fotbollskanalen.se” nəşri məsələ ilə bağlı həm Musanın, həm də baş məşqçisi Tomas Lagerlöfün fikirlərini öyrənib. Martinq von Knorrinq adı çəkilənlərlə söhbətdən sonra qələmə aldığı “Musa Qurbanlı “Yurqorden”də soyuğa düşüb” sərlövhəli yazıda bir çox mövzuya aydınlıq gətirib. Sizi əvvəlcə Lagerlöfün düşüncələri ilə tanış edirik:

"Musa üçün çətin olduğu aydındı. Komandadan kənarda qalmaq acınacaqlı vəziyyətdi. Yalnız 20 oyunçunu çıxara bilməyimizin xoşagəlməz tərəfi budu. Bəli, qarşıda bizi rəqabətli mövsüm gözləyir. Gərgin matçlar keçirəcəyik. Seçimləri düzgün etməliyik ki, sonra peşman olmayaq. Bilindiyi kimi, ehtiyat oyunçular skamyasında üç hücumçu, üstəlik bir neçə yetərincə keyfiyyətli hücumameyilli yarımmüdafiəçi var idi. Belədə Musanın hələ ki kənarda qalmasına qərar verdik. Amma bu o demək deyil ki, o, mübarizə aparmır."


- Səmimi danışaq. Musanın öz üzərində işlədiyini görürsüz? Sizcə, tezliklə komandaya qoşula biləcək? Ötən mövsümlə müqayisədə hansısa irəliləyiş varmı?

- Səmimi? Yaxşı! Hiss olunur ki, depressiyadadı. Tez-tez oyunlar keçiririk. Belə durumda heyətə daxil ola bilməməsi ona çox pis təsir edir. Məşqlərimiz də çətin keçir. Fərqli məqamlar üzərində çalışırıq. Bu arada Musanın bəzi çətinliklərinin olduğu görürəm. Təbii ki, həmişə yox, arada... Qarşıda bizi daha ciddi işlər gözləyir. Musanın ayaqlarından necə istifadə edəcəyini görəcəyik. Tam əminəm ki, o, özünə gələcək. Hamımız ona kömək edirik ki, istədiyimiz vəziyyətə gəlsin.

Ardından söz Musaya verilib. Bəlli olub ki, futbolçu durumu anlayışla qarşılayır:
“Futbolda bəzən belə hallar yaranır. Hər kəs bunu yaşaya bilər. Həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Bura gəldiyim ilk gündən bəri məsuliyyətli olmuşam, üzərimdə çox çalışmışam. Burda heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla və ətrafdakı bir çox insanla fantastik münasibət yaşamışam. “Yurqorden”ə böyük hörmətim var. Gözəl tarixi və mədəniyyəti olan klubdu. Xüsusilə tərəfdarlar heyrətamizdi. İlk dəfə xaricdə klubda oynayıram. Hər kəs mənim kim olduğumu bilir və ən əsası mən kim olduğumu, nə etdiyimi bilirəm. Heç kim deyə bilməz ki, məşq zamanı yetərincə fəal olmamışam və gücümün 100 faizindən istifadə etməmişəm. Hamıya hörmət edib qarşılığını görmüşəm. Mənim üçün ən vacib şey budu”.


Musa heyətdən kənardan qalmasının səbəbini bilmədiyini deyib:
“Futbol belədi. Bəzən məşqçilər sənin oynamamağın haqda qərar qəbul edir. Həmin qərarlara həmişə hörmətlə yanaşacağam və vəziyyətə görə məsuliyyət daşıyacağam. Belə hallara görə problem yaradan tip deyiləm. Səhvlərimi təhlil edirəm. Səbəbləri axtaranda ilk növbətə öz etdiklərimə baxıram. Kimisə günahlandırmıram, heç nədən şikayətlənmirəm. Ən əsası, bəhanə axtarmıram. Başverənlərin səbəbini də bilmirəm. Qış fasiləsindən qayıtdığımız gün çox oynamağıma icazə verilməsə də, bu barədə nəsə demədim. Məşqçilər korpusundan niyə mənə şans verilmədiyini soruşmamışam. Çünki onların verdiyi qərarlara hörmətlə yanaşıram və heyətdə yer ala bilmək üçün çox çalışıram. Belədə nə etmək mümkündü? Daha çox məşq etmək! Mən də bunu edirəm və səhvim olduğunu düşünmürəm. Xüsusilə nizam-intizamla bağlı… Məşqə həmişə vaxtında gəlmişəm. İşimə peşəkar yanaşmışam. Başıma gələnlər mənim üçün sürprizdi. Hələ də təəccüb içindəyəm. Bunu gözləmirdim. İdman direktorumuz Bosse Andersonla da danışmışam. Lakin səbəbi yenə başa düşməmişəm”.


Millimizin hücumçusu rəsmi “instaqram” hesabında “Yurqorden”i izləmədən çıxardığı və klubla bağlı hər şeyi sildiyi haqda yayılıan xəbərə də münasibət bildirib:
“Bayaq dediyim kimi, bu kluba böyük hörmətim var. İndi baxsaz, görərsiz ki, heç nə silinməyib. Ümumiyyətlə, elə hadisə baş verməyib. Klubun üzvü olduğum halda tərəfdarlarımıza hörmətsizlik etmərəm. Onlar məni dəstəkləyir. Hamısına böyük sevgim var. Bilsinlər ki, işlərin həmişə qaydasında getməsi mümkün olmur. Hər şeyə görə özüm məsuliyyət daşıyıram”.


Musa “Yurqorden”dən ayrılacağı haqda yayılan xəbərləri belə dəyərləndirib:
“Düzü, bu barədə məlumatım yoxdu. Bilindiyi kimi, indi “transfer pəncərəsi” bağlıdı. Hansısa addım atmaq olmur. Nə olacağını görmək üçün yayı gözləməliyik. Çalışacağıq ki, ən yaxşı variant hansıdısa, onu seçək. Vəziyyətin dəyişib-dəyişməyəcəyi haqda danışmaq tezdi. Başımı dik tutmağa çalışıram. Motivasiyam yerindədi. İşimi görürəm. Hələ gəncəm və qarşıda uzun karyeram var. Daha çox çalışacağam. “Yurqorden”ə gəldiyimə görə peşman deyiləm. Komandamın hər an mənə ehtiyacı ola bilər. Daim hazır olmalıyam ki, onlara kömək edə bilim”.


KƏNAN BAHADIR
Seçilən
29
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq