AZ

Azərbaycan yaşıl enerjidən uzunmüddətli faydalar əldə etməyə çalışır -Bolqarıstan qəzeti

Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransına ev sahibliyi etmək hüququ əldə edən Azərbaycan növbəti onillikdə yaşıl enerjiyə doğru irəliləməyi qarşısına məqsəd qoyub. Baxmayaraq ki, ölkə zəngin neft və qaz ehtiyatlarına malikdir, yaşıl enerjidən uzunmüddətli faydalar əldə etməyə çalışır.

“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstanın “Standard” milli informasiya qəzetinin saytında yer alan məqalədə deyilir.

Vurğulanıb ki, Azərbaycan öz vətəndaşları üçün sağlam həyat şəraitinin yaradılması, eləcə də regionda və bütövlükdə dünyada insanlar üçün təhlükəsiz yaşayış mühitinin yaradılmasına yardım etmək istiqamətində yaşıl enerji siyasətini prioritetə çevirmək arzusunu ifadə edib.

“2021-ci ildə Qlazqoda keçirilən COP26 sammitində Azərbaycan istixana qazları emissiyalarını 40 % azaltmaq və bu yaxınlarda Ermənistan işğalından azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaratmaq hədəflərini bir daha təsdiqləyib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan edilib. Çünki bu regionlar müxtəlif bərpa olunan enerji mənbələrindən, o cümlədən su enerjisi, günəş enerjisi, külək enerjisi, geotermal enerjidən istifadə üçün əhəmiyyətli potensiala malikdir”, - məqalədə bildirilir.

Həmçinin bildirilib ki, rəsmi məlumatlara görə, bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 GVt təşkil edir. Eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində artıq 53,6 MVt gücündə 11 külək elektrik stansiyası (SES) istifadəyə verilib, 70,5 MVt gücündə 7 su elektrik stansiyasının tikintisi davam etdirilir və bu il ümumi gücü 76,8 MVt olan daha 9 stansiyanın tikintisinə başlanılması nəzərdə tutulur.

“Azərbaycan hökuməti elektrik enerjisi istehsalı üçün təbii qazdan istifadəni azaltmaq üçün dayanıqlı elektrik keçidinin yaradılması yolu ilə 2030-cu ilə qədər ölkənin ümumi enerji kompleksində quraşdırılmış bərpa olunan enerji potensialının payını hazırkı 17 %-dən 30 %-ə çatdırmağı qarşısına məqsəd qoyub. Həmçinin qlobal enerji bazarlarına enerji ixracının diversifikasiyası və tərəfdaşlar üçün enerji təhlükəsizliyi sahəsində dəstəyin artırılması nəzərdə tutulur.

Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə ölkənin etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi rolunu nümayiş etdirən yaşıl enerji layihələri həyata keçirilir. Azərbaycan 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Sammitinə sədrlik edəcək və bu, iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün mühüm platformadır”, - məqalədə vurğulanır.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla