AZ

“Bir gün tez gedəndə 2000 manat pulumuz çıxır, AFFA isə cəmi 5000 verir”

Mövsümün sonuna 4 tur qalmış 2-ci liqada da kəskin rəqabət gedir.

Belə ki, ilk sıralarda qərarlaşan komandalar çempionluq, sonuncu pillələrdə yer alanlar isə liqanı tərk etməmək üçün mübarizə aparır. Liqanın autsayderlərindən biri də “Kürmük Qax”dı. Qax təmsilçisi 22-ci turda çempionatın ortabablarından “Sheki City” üzərində böyükhesablı (4:1) qələbə qazanaraq sonuncu pillədən yaxa qutardı. Uzun müddət qələbəyə həsrət qalan komandanın indiki durumu və bəzi önəmli mövzular barədə baş məşqçi Telman Kərimovla söhbətləşdik:
“Qələbədən sonra necə ola bilər? Hər şey yaxşıdı. Bundan sonrakı vəziyyətimiz özümüzdən asılıdı. Qarşıda “Lerik”lə səfər oyunumuz var. Çalışacayıq ki, qələbə qazanıb, “Lerik”i geridə qoyaq. Daha sonra “Şəmkir”lə ev matçımız var. Həmin qarşılaşmada da 3 xal qazanmağımız vacibdi. Dediyim kimi, hər şey öz əlimizdədi. “Sheki City” ilə oyundan sonra komanda düzəlib, özünəinamı qayıdıb. İnşallah, axırıncı pillələrdən uzaqlaşacağıq. Əsasən də “Lerik”lə görüş bizim üçün finala bərabərdi. Bu neçə turu uğursuzluqlarımızı təcrübəsizliklə əlaqələndirərdim. 25 ildi burda futbol yoxdu. Uşaqlar həvəsli də olsalar, bu liqa başqa səviyyədədi. Yəni nə rayon, nə də kənd birinciliyi deyil. Çatışmayan şeylərimiz çoxdu”.


- Bir müddət öncə komandanın uğursuzluqları barədə sizlə danışarkən bəzi “başbilənlərin” olduğunu və onların maneə törətdiyini bildirmişdiz. Hazırda vəziyyət necədi?
- O işlər qaydasına qoyuldu. Bir neçə nəfər komandadan kənarlaşdırıldı, artıq hər şey normaldı. Kənarlaşdırılan futbolçuların adlarını açıqlamaq istəmirəm. Məncə, ehtiyac yoxdu. Onlar da pis uşaqlar deyil. Rayonda neçə ildi futbol yoxdu, onlar da elə bilirdi ki, futbol elə keçmişdəki kimi qalıb. Yəni kim nə istəyirsə, edə bilər. İndi belə şey yoxdu axı. Sən hakimi təhqir edib qırmızı vərəqə alacaqsansa, 300 manat elə bu hərəkətinin cəriməsidi. Mən də sənə 1000 manat verə bilmirəm ki, onun 300 manatını cəriməyə ödəyim. Kəsəsi, belə çatışmayan cəhətlər var. İndi komissarlar var, oyuna nəzarət var. Bizim futbol oynadığımız dövrdə başqa idi.

- Komandanın maliyyə baxımından problemi yoxdu?
- Bəli, maliyyə tərəfdən çətinlik yaşayırıq. Çox çətin pul tapıb səfərlərə gedə bilirik. Növbəti mövsüm üçün söz veriblər. Cari mövsümdə liqada qala bilsək, gələn mövsüm üçün bu problem həll olunacaq. Hazırda çox çətinlik çəkirik. Məsələn, oyunlara bir gün əvvəldən gedə bilmirik. Təsəvvür edin ki, bir gün tez gedəndə 2000 manat pulumuz çıxır, AFFA isə cəmi 5000 verir. Elə iki səfər oyununa tez getsək 4000 gedir, bəs oyunçulara nə verək? İndi federasiyada da dəyişikliklər olub. Bəlkə gələn mövsüm üçün başqa cür olacaq.

- Bəs kluba sponsorluq etmək istəyən yoxdumu? Ümumiyyətlə, sponsor istiqamətində axtarış gedirmi?
- Sponsor barədə irəliləyiş var. Bakıda bizim rayonun böyüklərindən var, lap nazirlik səviyyəsində. Həmin şəxslərdən biri ilə görüşmüşük. O da direktorumuza “yox” cavabı verməyib. Bildirib ki, zəngləşib, danışarıq. Doğrudu, üstündən 10-15 gün keçib, hələ də bir xəbər yoxdu. Ancaq inamımız var ki, bizə kömək edəcək.

- Oyunları, məşqlər harda olur?
- Bilindiyi kimi, Qax Olimpiya İdman Kompleksində oynayırdıq və məşqlərimizi orda keçirdik. Kompleksə indi dövlət səviyyəsində başqa idarə rəhbərlik edir və orda oynamağımız üçün çox pul istədilər. Biz də dədə-baba stadionumuza qayıtdıq. Orda isə heç bir problemimiz yoxdu, hər şey pulsuzdu. Necə deyərlər, ata-baba yurdumuz öz əlimizdədi. Məşqlərimi orda, yaşıl meydançada keçirik.

- Sirr deyilsə, nə qədər məbləğ tələb olundu?
- Nazirlik səviyyəsində bizdən bir mövsüm üçün 16 min manat pul istəmişdilər. Əvvəl 8000 manat idi. Bundan sonra köçdük öz stadionumuza. İndi, sadəcə, oyundan-oyuna həmin kompleksə gedirik.

- İndiki məşq etdiyiniz stadionda lazımi şərait var?
- Orda hər şey qaydasındadı. Suyumuz var. Bircə paltardəyişmə otağımız yoxdu. Üç otaqdan ibarət bir yer tikə bilsək, kifayətdi. AFFA nümayəndəsi Elgiz Abbasov da bildirdi ki, hakimlər üçün ikimərtəbəli bir yer tiksək, 200 nəfərlik də tribuna, elə bu kifayət edər. Tribuna elə “Simurq”un dövründə var idi. Sadəcə, plastmas oturacaqlar daha dağılıb. Amma suyumuz və meydançamız var, məşq etməklə bağlı heç bir problem yoxdu. Yalnız oyunlarımızı orda keçirə bilmirik, müəyyən çatışmazlıqlar oluğundan.

KAMAL SƏFƏR
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla