AZ

Botsvanada quruyan göllərdə begemotlar məhv olur

Botsvanada

Bakı, 30 aprel, AZƏRTAC

Botsvananın şimalındakı geniş Okavanqo deltası bataqlıqlarının yaxınlığında, bir vaxtlar bol suyu olan Tamalakane çayı indi quruyur, bu da begemot sürülərini mənzərəli Maun turist anklavının birbaşa yaxınlığında azalan su hövzələrinə ümidsiz köçə məcbur edir. Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.

“Çay sistemi quruyur, heyvanlar təhlükəli vəziyyətdədir”, – deyə Botsvana Vəhşi təbiət və milli parklar departamentinin (DWNP) nümayəndəsi Leseqo Moseki bildirib. Onun sözlərinə görə, su hövzələrində ölən begemotların sayı dəqiqləşdirilir.

Botsvana fəxr edir ki, ölkədə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) qiymətləndirmələrinə görə, sayı 2-4 min təşkil edən dünyada ən böyük vəhşi hippopotam populyasiyalarından biri məskunlaşıb.

Qalın, lakin həssas dəriyə malik begemotların günəşin sərt şüalarından qorunmaq üçün mütəmadi olaraq suya girməyə ehtiyacı var. Lakin indi su onlar üçün əlçatmazdır.

Su mənbələrindən məhrum olan adətən sakit təbiətli bu canlılar aqressivləşə və yaşayış məntəqələrinə daxil ola bilər. Yerli hakimiyyət orqanları əhali ilə potensial qarşıdurmaların qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi begemotların təyin olunmuş qoruqlara köçürülməsinin tərəfdarıdır.

Qeyd edək ki, Cənubi Afrika regionu El-Nino fenomeninin nəticəsi olan güclü quraqlığın təsirinə məruz qalıb. Bu əlverişsiz iqlim hadisəsi həm məhsulsuzluğa səbəb olub, həm də milyonlarla insanı aclıqla üz-üzə qoyub. Bu səbəbdən bir neçə ölkədə milli fəlakət vəziyyəti elan edilib.

Seçilən
110
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq