AZ

Həmidə Ömərova: “Heydər Əliyev bir neçə aktrisa içərisindən o rola məhz məni seçdi” - VİDEO

Xalq artisti Həmidə Ömərova 1982-ci ildə lentə alınan Nizami filminə rol almasının maraqlı tarixçəsindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda 66 yaşlı aktrisa qonaq olduğu “Ötən günlər” verilişində danışıb. 

H.Ömərova bildirib ki, həmin rola onu Ulu Öndər Heydər Əliyev təsdiqləyib: 

“Çeçen-inquş əsilli Tamara Yandiyeva Xalq artisti Rasim Balayevlə Çeçenistanda filmə çəkilmişdi. Sonra Babəkdə də Pərvini canlandırırdı. Hərçənd Babək filmini Həsən Seyidbəyli çəkməli idi. Məni o rola təsdiq etmişdi. Həsən bəy xəstələndi və filmi Eldar Quliyevə verdilər. Eldar bəy də Rasim bəylə məsləhətləşdi. Rasim dedi ki, Türkiyəli aktrisa Türkan Şoraya oxşayan belə bir aktrisa var. Həqiqətən də Tamara Türkan Şoraya bənzəyirdi. Ulu öndərimiz tarixi filmlərə böyük maraq göstərirdi. “Nizami” filminin 20 dəqiqəlik fraqmentinə baxıb. Sual verib ki, “Bu xanım aktrisa kimdir?” Cavab veriblər ki, “Tamaya Yandiyeva”. Soruşub ki, “Bu xanım aktrisa azərbaycanlı deyil?” Söyləyiblər ki, “Tamara Yandiyeva çeçen-inquşdur”. Ulu öndər də deyib ki, “Azərbaycanda aktrisa yoxdur beyəm?” Mən də kinostudiyanın dəhlizində dublyajdan çıxmışdım. Filmin ikinci rejissoru Akif Rüstəmli mənə sual verdi ki, “Həmidə hara gedirsən?” Cavab verdim ki, “Bir dəqiqəlik dublyajdan vaxt almışam”. Elə bunu eşidən kimi məni apardı foto studiyaya. Orada tez şəkillərimi çəkdilər. Bir neçə aktrisanın da fotolarını çəkdilər və Ulu öndərə göstərdilər. 

O da məni seçib və sual verib ki, “Bu xanım aktrisa azərbaycanlıdır?” Mənim azərbaycanlı olduğumu öyrənəndən sonra o filmə təsdiqlədilər və çəkdilər.

Filmin artıq müəyyən hissəsi çəkilmişdi. Paltarlar da məhz Tamara Yandiyeva üçün tikilib, hazırlanmışdı. O isə çox arıq və uzun idi. O paltarların heç biri əynimə olmadı. Məcbur oldular yenidən mənim üçün geyimlər tikdilər. Həmin filmdə Afaq rolunu canlandırdım”. 
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla