AZ

“Sumqayıt” dolu tribunalar önündə çempionu devirdi - REPORTAJ

Həftəsonu keçirilən oyun futbolsevərlər tərəfindən maraqla qarşılandı.

“İynə atsan, yerə düşməz” məsəlinin reallığa çevrildiyi “Mehdi Hüseynzadə”də iki güclü komanda üz-üzə gəlirdi. Köhnə-yeni çempion “Qarabağ” taleyini həll etsə də, “Sumqayıt” avrokuboklar uğrunda mübarizədə büdrəməməliydi. “Kimyaçılar”ın çətin sınaq qarşısında olduğunu şübhə yox idisə, iki turdu qələbəyə həsrət qalan “köhlən atlar” tərəfdarları sevindirməliydi.
Hər halda, əvvəldən axıra qədər davam edən gərgin mübarizə komandaların “əhdinə sadiq qaldığını” sübut etdi. İlk təhlükəli vəziyyəti meydanda söz sahibi olmağı xoşlayan “Qarabağ” yaratdı. Burda Benzya Leandronun ötürməsini başla zərbəylə “çərçivə”dən keçirmək istədi. Lakin Zubir və Toralın əzmkar oyunu sayəsində ortaya çıxan hücum cəhdi top tirdən qayıtdığı üçün faydasız oldu. Ardından Juninyo qeyri-dəqiq zərbə ilə yadda qaldı. Braziliyalı hücumçunun zərbəsi qapının üstündən keçdi. Bu ərəfədə “Sumqayıt”ın ciddi təzyiqinin olduğunu deyə bilmərik. Çünki “kimyaçılar” meydanın digər yarısına keçə bilmədən topu itirir və ağdamlıların hücumları sıralamasına şərait yaradırdılar. Odu ki, qonaqların növbəti təhlükəli hücumu özünü çox gözlətmədi. Benzya 16-cı dəqiqədə yenə başla zərbəylə hesabı açmaq imkanını əldən verdi. Halbuki Toral uzaqdan dəqiq ötürməylə ona əlverişli şərait yaratmışdı. Yassin bu dəfə Xəyalın sürətli müdaxiləsinə məğlub oldu. 21-ci dəqiqə də Benzya tirin ardından dirəyin də “möhkəmliyini yoxladı”.
Futbolçunun yalnız bunlar üzündən yox, 34-cü dəqiqədə başverənlərə görə də məyus olduğunu deyə bilərik. Bəli, Benzya istəkli olsa da, yenə komandasını sevindirə bilmədi. Toralın ötürməsinə müdaxilə etmək niyyətiylə irəli atılsa da, ayağı boşa çıxdı. “Sumqayıt”ın cəhdlərinə gəlincə, meydan sahibləri birinci hissədə heç nə ilə yadda qalmadı. Daha dəqiqi, “kimyaçılar” müdafiə olunmağa məcbur edildi. İnsafən, ilk yarıda hesabın açılmamasında bəxt amili ilə meydan sahiblərinin müdafiədəki fədakarlığı eyni dərəcədə rol oynadı.
“Qarabağ”ın şansları dəyərləndirə bilməməsi növbəti 45 dəqiqədə də özünü büruzə verdi. 53-cü dəqiqədə Medina Bəhlulun ötürməsini dəyərləndirə bilmədi. Çox keçmədən “Sumqayıt”dan bir qədər sonra vurulacaq qolun siqnalı gəldi. Lakin Dossonun qurucusu olduğu hücum cəhdi Rövlanın uğursuz çıxışı üzündən nəticəsiz qaldı. O, Medina səddini keçə bilmədiyi.
Bu ərəfədə “köhlən atlar”ın geri çəkildiyini iddia edə bilərik. Artıq onlar bir qədər ehtiyatlı oyunuyla seçilməyə başladı. “Sumqayıt”ın qol istəyinə çatması asan olmadı. “Kimyaçılar” 70-ci dəqiqəyə təsadüf edən epizodda yalnız üçüncü cəhddə rəqibi məyus edə bildi. Kehat əvvəl Rövlanın ötürməsini qapıya zərbəylə tamamladı. Lunyovun müdaxilə etdiyi top meydanda qaldığından Dosso bəxtini sınadı. Bu dəfə “köhlən atlar”a dirək kömək etdi, amma Kehat təkrar zərbə ilə topu tora qovuşdurdu.
Yaşananları Benzyanın növbəti uğursuz cəhdi müşayiət etdi. O, bu dəfə də qeyri-dəqiqlik üzündən Elvinin ötürməsini qolla tamamlaya bilmədi. 75-ci dəqiqədə Suliman Cəfərquliyevin topu qapı önünə çatdırmaq istəyinə mane oldu. “Qarabağ”ın ikinci hissədəki ən təhlükəli vəziyyəti 78-ci dəqiqədə qeydə alındı. Juninyo rahatlıqla hesabı aça bilərdi. Qapıçını belə keçən hücumçuya Murad və Elvin aman vermədi. Onlar rəqibi ciddi təzyiq altında saxlayaraq qapıya zərbə endirməsinin qarşısını aldı. 88-ci dəqiqədə Beznyanın zərbəsini dəf edən Xəyal topu istəmədən meydana qaytardığından Nəriman bəxtini sınadı. Lakin o da tilsimi qıra bilmədi. Oyunun həlledici məqamına isə 90+2-ci dəqiqədə şahidlik etdik. Benzyanın yerinə yetirdiyi cərimə zərbəsində top Vüqarın əlinə toxundu. Cabbarov VAR-a baxandan sonra belə penalti qərarı vermədi! Ədalət təmsilçisinin bir neçə dəqiqə sonra səsləndirdiyi final fiti isə “Sumqayıt”ın qələbəsini rəsmiləşdirdi. “Qabağağ” isə ardıcıl üçüncü oyunda da qələbəyə həsrət qaldı...

Gözdən qaçmadı
* “Sumqayıt” akademiyasının yetirməsi Xəyal Fərzullayev əsas komandada debüt etdi.
* “Sumqayıt” azarkeşləri ilk hissədə komandanın oyun tərzindən narazılıq edirdi.
* 78-ci dəqiqədə “Qarabağ” azarkeşləri tərəfindən meydana lentlər atıldı.
* Matçdan sonra İspaniyada olan baş məşqçi Samir Abasovla futbolçular arasında görüntülü zəng reallaşdı.

KƏNAN BAHADIR

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla