AZ

Heç bir xarici təhdid dövlətimizin müstəqil qərarvermə siyasətinin önünü kəsə bilməz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ Dövlət katibi Antoni Blinkenin  Prezident İlham Əliyevə zəng etməsi dünyada cərəyan edən proseslər fonunda regiondakı hərəkətlilik baxımından Azərbaycanın önəmli aktor kimi əhəmiyyətini göstərir və ikitərəfli əlaqələrin daha da irəliyə aparılması üçün yeni fürsətləri özündə ehtiva edir. Belə ki, Antoni Blinkenin telefon zəngində Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş son razılaşmaların ABŞ-ın da mövqeyinə uyğunluğunu diqqətə çatdırması ölkəmizin regionda yaratdığı yeni reallıqların müəyyən təzyiqlərə baxmayaraq, beynəlxalq səviyyədə də qəbul edildiyini göstərir. Dünya siyasətində önəmli rollardan birini oynayan ABŞ-ın ölkəmizin təkidi və istəyi ilə reallaşan sərhəd məsələsinə münasibətdə müsbət yanaşması Azərbaycanın müstəqil, iradəli və uzaqgörən diplomatiyasının uğuru sayıla bilər.

Prezident İlham Əliyevin mürəkkəb geosiyasi reallıqlara uyğun şəkildə həyata keçirdiyi balanslı xarici siyasət ölkəmizə qarşı təzyiqləri neytrallaşdırır. Bunun əsası isə 2020-ci ildə qazanılan tarixi Qələbə ilə qoyuldu və Azərbaycan dövlətinin, onun Liderinin özünə inamını artırdı və gələcək uğurları üçün zəmin hazırladı. Bu da o anlama gəlir ki, döyüş meydanında qazanılan qələbələr diplomatik fəaliyyətlərimizdəki uğurları şərtləndirən əsas amillərdəndir. Lakin bu  uğurlu tendensiya heç də özünü demokratik ideologiyaların daşıyıcısı hesab edən və dünyaya öz standartlarını tətbiq edən dövlətlərin maraqları ilə uzlaşmırdı. Nəticədə isə ölkəmizə qarşı hər Zəfərdən, hər Qələbədən sonra təzyiqlər edilirdi. Həmin dairələrdən biri də sözsüz ki, ABŞ idi. Biz bu ritorikanı sonuncu dəfə açıq şəkildə ötən ilin antiterror əməliyyatlarından sonra gördük. Belə ki,  ABŞ Konqresində Azərbaycana qarşı qərəzli müzakirələr aparıb, həmçinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn Konqresdəki dinləmələrdə çıxışı zamanı Azərbaycan haqqında sərt tənqidlər səsləndirdi. Ardınca isə ABŞ-ın müxtəlif məsələləri bəhanə edərək ölkəmizə qarşı təsir rıçaqlarını işə salması Azərbaycanın iradəsinə təsir etmədi, müstəqil qərarverməsinin önünü kəsə bilmədi.

Regionda Azərbaycanın yeni geosiyasi reallıqlar formalaşdırması  ABŞ-dan əlavə, bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın, həmçinin İranın ölkəmizə qarşı münasibətində əhəmiyyətli dəyişikliklərlə yadda qaldı, əvvəllər olan gizliliyi aşkara çıxardı.

Lakin buna baxmayaraq, dövlətimizin başçısının yürütdüyü siyasətlə ölkəmiz addım-addım hədəflərinə çatdı, hətta bəzi böyük güclər də regionla bağlı məsələləri artıq Azərbaycanla uzlaşdırmaq və ikili standartları minimuma endirmək məcburiyyətdə qaldılar.  Təbii ki, siyasi yanaşmalar situtiv olsa da,  dövlət siyasətinin əsasını təşkil edir. Ona görə də ABŞ-ın Azərbaycana qarşı bugünkü davranışları güclü enerji təhlükəsizliyi məsələləri kontekstindən də dəyərləndirilməlidir ki, ölkəmiz Qərb üçün önəmli dövlətlərdən biridir.  Eyni zamanda, ən əsası Azərbaycan və Türkiyənin regiondakı müttəfiqliyi, Rusiya ilə strateji münasibətlərdəki inkişaf ABŞ-ı Azərbaycana qarşı tam olmasa da, ehtiyatlı davranmağa vadar edir. Bütün bunları nəzərə alan Azərbaycan həm özünün yaratdığı reallıqlar, enerji resurslarının verdiyi üstünlüklər, həm də dünyadakı münaqişə və müharibələr fürsətini öz xeyrinə dəyərləndirməyi çox gözəl bacarır.

Elmir Səftərov,
siyasi şərhçi

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla