AZ

Vətən və xalq naminə fədakarlıq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan xalqının və dövlətinin tarix səhnəsində şərəfli yer  tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub-saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, dinamik iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin mükəmməl  inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümummilli Lider Heydər Əliyevin sovet dönəmində və müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikanın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülmüşdür. Keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə üzləşmişdi. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən dərin islahatlar, görülən tədbirlər respublikamızın strateji inkişafını təmin edən mühüm mərhələnin başlanğıcı oldu. Qısa müddətdə Azərbaycan ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, elektronika, maşınqayırma, metallurgiya və digər sahələrdə  əhəmiyyətli irəliləyişlər əldə etdi. Milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində önəmli tədbirlər görüldü.

1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq Azərbaycan SSR-in yeni Konstitusiyasına  Azərbaycan dilinin rəsmi dövlət dili olmasını təsbit edən maddə daxil edildi. Bundan başqa, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər

Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda önəmli rol oynadı. Yeri gəlmişkən, qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan zabitlərinin bir qismi həmin liseyin yetirmələri idi. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə xüsusi nəzər salmaq lazımdır. 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə  Naxçıvan Ali Sovetinin on ikinci çağırış birinci sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar iki  bəndlik qərar qəbul edildi, milli dövlət quruculuğu prosesinə xüsusi diqqət yetirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı, “Ali Sovet” Ali Məclis adlandırıldı.  Noyabrın 21-də “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olundu. Bu qərarın mətnini Ulu Öndər özü işləyib hazırlamışdı.

1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdı, onun düşmənin işğalı altına düşməsinin qarşısı müdrikliklə alındı, dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər partiyanın sədri seçildi. YAP-ın yaranması, Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən irəli gələn tarixi zərurət idi. Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verməsi Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq qısa zaman kəsiyində xalqın etimadını qazanmağa nail oldu. 1993-cü ildə xalqın dəstəyi sayəsində Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi ilə YAP hakim partiyaya çevrildi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və atdığı praqmatik addımlar sayəsində dağıdıcı proseslər aradan qaldırıldı. Təsadüfi deyil ki, Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilmişdir. Ümummilli Liderin xalqın təkidli tələbləri ilə siyasi hakimiyyətə qayıtması respublikamızın  tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin sürətlənməsində mühüm rol oynadı. Beləliklə, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi mühüm addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi daha da gücləndirən ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Yeni neft strategiyası Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan—Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Heydər Əliyevin titanik səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin həll edilməsi üçün təşkil olunmuş Minsk qrupunda, həmçinin ATƏT-in Zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və problemin beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi prosesində yaxından iştiraka dəvət etdi. Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının, tərəfdaşlarının sayını artırdı və Azərbaycan bütün dünyada sayılıb-seçilən nüfuzlu dövlətə çevrildi. Bu, bir reallıqdır ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan böyük yüksəlişə və dinamik inkişafa nail olmuşdur.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılmışdır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında önəmli mərhələ təşkil edir. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi altında  Azərbaycan Silahlı Qüvvələrinin yazdığı möhtəşəm Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində azad edildi, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Prezident İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən müzəffər sərkərdə oldu. Bu, həm də möhtərəm Prezidentimizin müqəddəs ATA vəsiyyətini şərəflə yerinə yetirməsini özündə ehtiva edir. Artıq Qarabağ və Şərqi Zəngəzur azaddır. Hazırda bu ərazilərdə keçmiş qaçqın və məcburi köçkünlərin Böyük Qayıdış Konsepsiyasına uyğun geri qaytarılması üçün zəruri işlər icra edilir. Məhz Ulu Öndər Heydər Əliyevin mükəmməl strategiyasının mahiyyəti də güclü, qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan idi.

Bütün həyatını xalqına həsr edən dahi şəxsiyyətin nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər zaman böyük ehtiram və dərin minnətdarlıqla yad olunur.

Görkəmli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsinə xalqımızın dərin ehtiramının ifadəsi olaraq, onun zəngin mənəvi irsinin, azərbaycançılıq fəlsəfəsinin, milli dövlətçilik ideyalarının  qayəsini yeni nəsillərə aşılamaq, ölkəmizin  tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək məqsədi ilə 10 may 2004-cü il tarixdə  Heydər Əliyev Fondu təsis edilmişdir.

Heydər Əliyev Fondu ötən 20 il ərzində öz fəaliyyəti ilə hər zaman bu yüksək amallara sadiqliyini nümayiş etdirmişdir. Ulu Öndərin zəngin mənəvi irsinin, onun Azərbaycançılıq fəlsəfəsinin gənc nəsillərə aşılanması prosesinə töhfə vermək, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.

Heydər Əliyev Fondu üzün illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilərək bütün dünyada ölkəmizi ləyaqətlə təqdim təbliğ edir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Heydər Əliyev Fondunun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti çox geniş bir coğrafiyanı əhatə edir. Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada Aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyinin filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi mədəniyyət ocaqlarında həyata keçirilən önəmli layihələr Heydər Əliyev Fonduna böyük dünya şöhrəti qazandırmışdır.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “ Tolerantlığın ünvanı - Azərbaycan “ layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Fond Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunun qoruynub saxlanması , dini ayinlərin sərbəst yerinə yetirilməsi üçün ibadət evlərinin bərpası və inşası işində də ciddi uğurlara imza atmışdır.

Fondun həyata keçirdiyi bu  layihələr həm də müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlıq mühitinin genişlənməsinə, qloballaşan dünyada sülh şəraitində birgə yaşayışın təmin edılməsinə təqdirəlayiq töhfələrdir.

Ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Azərbaycanın maddi və qeyri-maddi irsinin, xalqımızın yaratmış olduğu ənənə və dəyərlərin dunyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. İtaliyada, Rusiyada, Fransada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Görkəmli alimlərin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsində görülən təqdirəlayiq işlərdəndir. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması uğurlu fəaliyyətin bariz nümunəsidir.      

“Qarabağ xanəndələri” adlı musiqi albomunun, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, “Müharibə və tarixi mədəniyyət abidələrimiz”, Parisdə ingilis dilində  “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu”nun nəşri Qarabağın Azərbaycanın ayrılmaz guşələrindən biri kimi dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə olmuşdur.  Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış “Xocalıya ədalət”  beynəlxalq təbliğat-təşviqat kampaniyası erməni cinayətlərinin dünya miqyasında ifşası üçün əlverişli mühitin  formalaşdırılmasına və faciənin dünyada tanıdılmasına önəmli töhfə vermişdir.

Ulu Öndər Heydər Əliyevin zəngin irsini təbliğ edən, onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid çox sayda proqram və layihələrin hazırlanaraq həyata keçirilməsi olmuşdur.

Fond daim ölkədə savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə cıxış edir. Təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali təhsil məktəblərinin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi sahəsində böyük layihələrə imza atmışdır. Bu kontekstdə ötən illərdə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Təhsilə dəstək”, “Təhsil hamı üçün”, “Assosiativ məktəblər” və digər layihələrin  uğurla icrası  nəticəsində təhsildə, habelə savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, idman komplekslərinin tikilməsi ölkəmizdə idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Fond Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi diqqət yetirilməsi üçün “ Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlamışdır. Müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi də Fondun fəaliyyətində mühüm yer tutur. 

Fondun “Təhsilə dəstək” layihəsi yalnız Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Belə ki, Fondun dəstəyi ilə Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün orta məktəbin yeni binasının inşası da önəmli layihələrdəndir.

Xarici ölkələrdə də sosial layihələr həyata keçirən Fond Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım etmişdir. 2012-ci ilin fevralında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən qurulmuş “Dostluq parkı”, 2013-cü ildə “Görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz”, 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində “Volqoqrad-Bakı Dostluq Parkı”, 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2018-ci ildə “Azərbaycan Biznes Mərkəzi”  istifadəyə verilmişdir.

Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin, kilsələrin bərpası  üzrə layihələri uğurla həyata keçirir. Şuşa şəhərində, Ağdamda dağıdılmış məscidlərin,  minarələrin bərpası, yenidən qurulması, Qubadlıda, Suqovuşanda və digər ərazilərdə yeni məscidlər tikilməsi,  Şuşada keçirilən mədəni-kütləvi tədbirlər məhz Fondun  adı ilə bağlıdır və geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə, minnətdarlıqla  qarşılanmışdır.

Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan, onun mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə  əhəmiyyətli layihələri uğurla reallaşdıran Heydər Əliyev Fondu qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirərək bütün dünyada böyük nüfuz qazanmış və milyonlarla insanın ümid, pənah yerinə çevrilmişdir.

Sevinc Hüseynova

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri

Seçilən
223
6
Mənbələr
Şərh ()
Bağla